Həm sıralanma turunda, həm də yarışda maşının potensialını tam istifadə etdiklərini deyən Fernando Alonso, xüsusilə Belçika Qran Prisindəki uğursuz həftəsonundan sonra bu nəticəni “gözlənilməz, amma gözəl sürpriz” adlandırıb:
Fernando Alonso: “Bundan daha yaxşı ola bilməzdi. Kimsə McLaren-lərin bir ara bir-birinə çox yaxınlaşdığını dedi. Təbii, təmas yaşasalar, daha yaxşı olardı, amma olmadı.
Bunun xaricində, həm sıralamada, həm də yarışda maşından maksimumu çıxartdıq. Bizim üçün daha yaxşısı mümkün deyildi. Ən böyük təhdid ikili pit-stop strategiyası idi, amma rəqiblərimiz tıxaca düşdülər və sonda bir az rahatladıq”.
Fernando Alonso yarış ərzində Corc Rassell ilə yaşadığı mübarizə barədə də danışıb: “Bəli, pit-stopumdan əvvəl baş verdi. Vaxt itirmək istəmədim. Onun məni əsas düzlükdə keçməsini istədim, 10-12-ci döngələrdə yox. Çünki orada ikimiz də çox vaxt itirərdik”.
Spadakı zəif performansdan sonra Macarıstandakı nəticənin sürpriz olub-olmadığına dair suala isə belə cavab verib: “Tamamilə sürprizdir, amma xoş sürpriz. Sevindirici olan isə rəqabətədavamlı və sürətli olmamızdır. Narahatlıq doğuran amil isə niyə belə olduğunu hələ də dəqiq bilməməyimizdir.
Bu həftə bazada keçirəcəyimiz vaxt çox önəmli olacaq. Spa ilə Macarıstan arasındakı fərqləri, sazlamaları, aerodinamik yenilikləri — hər şeyi təhlil etməliyik. Bu həftəsonunun ən diqqətçəkən elementi yeni ön qanad idi. Əgər bu qədər fərqi yaradan detal ön qanaddırsa, bu çox yaxşı xəbərdir. Amma indi bunu tam dəqiqliklə anlamağımız lazımdır”.
Alonso, yeniliklərin aerodinamik boru nəticələri ilə üst-üstə düşməsindən də məmnunluğunu ifadə edib: “Trasa gətirdiyimiz hər şey aerodinamik boru ilə tam uyğunluq göstərdi. Bu, çox yaxşı əlamətdir. Hansı hissəni taxırıqsa, maşının necə davranacağını əvvəlcədən bilirik”.
Mövsümün ikinci yarısı üçün yenidən ümidli olduqlarını da bildirən Alonso sözlərinə belə davam edib: “Bəli, Spadan sonra vəziyyət tam dəyişdi. Düzünü deyim, o yarışdan sonra mövsümün ikinci yarısı üçün narahat idim. Komandada motivasiya aşağı düşmüşdü. Amma bu yeddi gün hər şeyi 180 dərəcə dəyişdirdi. İndi qalan on yarışa ümidlə baxırıq. Sadəcə, rəqabətədavamlı olma səbəbimizi tam anlamaq üçün hələ işimiz var”.
Alonso növbədəki ilk yarışın Zandfortda olacağını xatırladaraq belə deyib: “Orada da maksimum asfaltayatma gücü tələb olunur. Son illərdə bu trasda yaxşı performans göstərmişik. Ümid edirəm ki, hər iki maşınla xal ala biləcəyik”.
Şərh əlavə et