Xəbəri Kokpitdə Oxuyun!

Q.Bortoleto: Ən yaxşı nəticəmdir

Sauber komandasının sürücüsü Qabriel Bortoleto karyerasının ən yaxşı start mövqeyini qazandığı üçün sevinclidir.

Kokpit.az xatırladır ki, braziliyalı sürücü Formula 1-dəki hələlik qısa karyerasında ən yaxşı start mövqeyini Macarıstan Qran Prisinon sıralanma turunda yeddinci nəticə göstərməklə əldə edib. Onun komanda yoldaşı Niko Hülkenberq üçün isə sıralanma turu o qədər də uğurlu olmayıb – o, bugünkü yarışa 19-cu yerdən başlayacaq.

Qabriel Bortoleto: “Sıralanma turunun gedişatından məmnunam. Həftəsonuna başlayanda bolidə inamın az idi, amma bu problemləri aradan qaldırmaq üçün çox çalışdıq və inkişaf əldə etdik.

Son sessiyaya çıxdım və yeddinci zaman nəticəsini göstərdim – bu, indiyə qədər Formula 1-dəki ən yaxşı nəticəmdir və həm mənim, həm də komandam üçün əla uğurdur.

Bu il çox şey öyrənirəm. Bu isə debüt mövsümündə gözləniləndir. Hər sessiya inkişaf etmək üçün bir şansdır, amma bu nailiyyəti möhtəşəm komandam olmasaydı əldə edə bilməzdim. Onlar məni dəstəkləyir və irəli aparırlar, biz birlikdə inkişaf edirik.

İndi bütün diqqətimizi yarışda güclü çıxış etməyə yönəltmişik”.

Niko Hülkenberq:  “Sərbəst yürüşlərdə bolidin nə qədər sürətli olduğunu nəzərə alsaq, nəticənin məyusedici olduğunu gizlətməyə ehtiyac yoxdur. Cümə gününün ilk dövrələrindən etibarən balans ümidverici idi, hətta şənbə günü səhər də özümü inamlı hiss edirdim.

Sıralanma turunun ilk sessiyasında bolidin davranışı dəyişdi. Arxa təkərlərdə asfaltla ilişmə azaldı, xüsusilə də sürətli döngələrdə. Həftəsonu ərzində belə bir balans problemi ilə qarşılaşmamışdıq. İndi telemetriyanı diqqətlə təhlil edib nəyin dəyişdiyini başa düşmək lazımdır.

Komanda son vaxtlar yaxşı inkişaf edib. Bolidin verdiyi hisslər müsbətdir. Bu səbəbdən problemi başa düşmək və yarışda tədbir görmək çox vacibdir”.

Rauf Hacıyev

Şərh əlavə et