Xəbəri Kokpitdə Oxuyun!

Macarıstan F3: Kamara qazanaraq, titulu təmin edib

Rafael Kamara Macarıstanda keçirilən bazar günü yarışını qazanıb və bu nəticə ilə Trident komandasının braziliyalı pilotu mövsümün sonuna bir yarış qalmış çempionluğunu təmin edib.

Səhər saatlarında yarış iştirakçılarını yağışlı hava qarşılayıb. Start anında yağış dayanıb, amma tras hələ də nəm olub. Bu səbəbdən yarış rəhbərliyi qızdırma dövrəsinin təhlükəsizlik avtomobilinin arxasında və yağış təkərləri ilə keçirilməsinə qərar verib.

Yarış yerindən startla başlayıb. İlk beşlik mövqelərini qoruyub. Çarli Vurç ilk döngədə maşının idarəetməsini itirmək üzrə olub və altıncı yer uğrunda mübarizədə Uqo Ugoçukvu onu keçib. İlk dövrədə Tim Tramnits şikanda trasdan çıxıb və 20-ci yerdən geriyə düşüb.

24 dövrədən ibarət yarışın ilk dövrəsində lider Kamara rəqibi Mari Boyadan 1.5 saniyə uzaqlaşıb. Mari isə Tuuqqa Taponendən 1.3 saniyə irəlidə olub. İkinci dövrədə Ugoçukvu rəqibi Teofil Naeli keçərək beşinci yerə yüksəlib.

Çempionluq şansını saxlamaq istəyən Nikola Çolov 21-ci yerdən 19-cu yerə yüksəlib.

Dördüncü dövrədə trasda sarı bayraqlar dalğalanıb və 13-cü döngədə Roman Bilinskinin idarəetməni itirməsindən sonra Bred Benavides divara çırpılıb. Hadisəyə görə trasda təhlükəsizlik avtomobili peyda olub.

Altıncı dövrənin sonunda təhlükəsizlik avtomobili trası tərk edib. Yenidən startdan sonra ilk beşlik yerini qoruyub, Vurç isə altıncı yerə yüksəlib. Beşinci döngəyə daxil olarkən Jerar Si maşının idarəetməsini itirib və Ugo Ugoçukvuya çırpılıb. Hər iki pilot mübarizəni dayandırıb, trasda yenidən təhlükəsizlik avtomobili görünüb. Si 10 saniyəlik cəzaya məruz qalıb, bu cəza növbəti yarışın startında yer itkisi ilə əvəz olunacaq.

On birinci dövrədə yarış yenidən başlayıb və ilk onluqdakı pilotlar mövqelərini qoruyublar. Kamara dərhal fərqi artırmağa başlayıb və ən sürətli dövrəni göstərib.  Çolov isə səkkizinci yerə yüksəlib.

On dördüncü dövrədə o, Alesandro Cüstini keçərək yeddinci yerə, növbəti dövrədə isə Brando Badoeri geridə qoyaraq, altıncı yerə yüksəlib. Eyni vaxtda Mari Boya fərqi azaltmağa başlayıb və ən sürətli dövrəni göstərib. Amma dərhal sonra bu nəticəni Çolov yeniləyib.

On altıncı dövrədə yarışın sonuna 12 dəqiqəlik gerisayım başlayıb. Növbəti dövrədə Hitech komandasının pilotu Martinius Stenshorn pitə girərək quri təkərlərə keçən ilk sürücü olub, lakin o, bu qərarı verməyə tələsib.

Son dövrədə Kamara ən sürətli dövrəni göstərərək, Mari Boyadan 2.5 saniyə uzaqlaşıb. Taponen isə Vurçun təzyiqlərinə baxmayaraq, üçüncü yerini qoruyub.

Kamara yarışı inamlı şəkildə qazanaraq, mövsümdə dördüncü qələbəsini və Formula 3 çempionluğunu təmin edib. İkinci olan Mari Boya çempionatda da ikinci yerə yüksəlib. Tuukka Taponen isə mövsümdə üçüncü dəfə podiuma çıxıb. Nikola Çolov altıncı olub, yarışın ən sürətli dövrəsini isə Noel Leon göstərib.

Formula 3 üzrə mövsümün son yarışı 5–7 sentyabr tarixlərində Montsada keçiriləcək.

Rauf Hacıyev

Şərh əlavə et