Xəbəri Kokpitdə Oxuyun!

Macarıstan F2: Fornarolidən ilk əsas yarış qələbəsi!

Leonardo Fornaroli Macarıstanda baş tutan əsas Formula 2 yarışında mövsümdə üçüncü qələbəsini qazanıb. Podiumda ona Roman Stanek və Cek Krouford qoşulublar.

Yarış vaxtı Hunqarorinq trasının səthi kifayət qədər quruyub və bu da pilotlara yarışa quru təkərlərlə başlamağa  imkan verib. Buna baxmayaraq, isinmə dövrəsi təhlükəsizlik avtomobili arxasında baş tutub və start yerindən deyil, hərəkətdə verilib.

Roman Stanek startda liderliyini qoruyub. İlk dövrə sakit keçib — yalnız Con Bennett Dino Beqanoviçi qabaqlayaraq 14-cü yerə yüksəlib. İkinci dövrədə Beqanoviç daha bir mövqe itirərək, Rafael Villaqomesi irəli buraxıb.

İlk onluqda yalnız Viktor Marten, Arvid Lindblad və Xose-Maria Marti Medium təkərlərlə start götürüblər. Digərləri isə ilk hissə üçün Soft təkərləri seçiblər. Marten daha sərt təkərlərlə temp tutmaqda çətinlik çəkib və beşinci dövrədə 14-cü yerə düşüb.

Eyni dövrədə Ritomo Miata Beqanoviçə hücum etməyə çalışsa da, maşını saxlaya bilməyib və trasdan çıxıb. Yaponiyalı pilot  sonuncu yerdə trasa qayıdıb.

Altıncı dövrənin əvvəlində Amori Kordilin maşınının mühərriki tüstülənib və o dayanmalı olub. Nəticədə virtual təhlükəsizlik avtomobili rejimi tətbiq edilib və yarış 7-ci dövrədə bərpa olunub.

Səkkizinci dövrədə Oliver Göte və Lindblad Coşua Dürkseni qabaqlayıblar. Lindblad bu zaman bir yox, iki mövqe qazanaraq həm Dürkseni, həm də Göteni keçib. Arxada isə Riçard Fersxor rəqibi Martini qabaqlayıb, daha sonra isə hər ikisini Qabrielle Mini keçərək, 9-cu yerə yüksəlib.

10-cu dövrədə trasda yenidən sarı bayraqlar qaldırılıb və virtual təhlükəsizlik avtomobili rejimi tətbiq olunub. Bu dəfə səbəb texniki nasazlıq olub – Viktor Marten əvvəlcə yavaşıyıb, sonra isə tam dayanıb.

11-ci dövrədə yarış yenidən başlayıb. Elə həmin dövrənin sonunda Bennett pit-stop edən ilk pilot olub. Dürksen və Dann Göteni son döngədə qabaqlayıblar.

13-cü dövrədə Dürksen Dannı keçməyə çalışsa da, Dann yerini qoruyub. 14-cü dövrədə Medium təkərlərlə çıxış edən Fersxor Soft təkərlərlə olan Miniyə hücum edib. Bu vəziyyətdən Marti istifadə edərək, hər iki rəqibini keçib. Dövrənin sonunda Brauninq, Dürksen, Göte, Mini və Villaqomes pitə gediblər.

15-ci dövrənin sonunda Stanek, Krouford, Sami Megetunif və Sebastyan Montoya da pit-stop ediblər. Fornaroli liderliyə yüksəlib, ikinci yerdə isə Lindblad qərarlaşıb. Növbəti dövrədə Fornaroli və Dann da təkər dəyişmək üçün pitə gediblər. Fornaroli daha gec dayandığı üçün Stanekdən əvvəl trasa qayıdıb və pit-stop edən pilotlar arasında lider olub.

18-ci dövrədə Bennett Mini ilə təmasdan sonra qırıq arxa asılqan ilə pitə qayıdıb və yarışı vaxtından əvvəl tərk edib. Hadisə yarış insidenti kimi qiymətləndirilib.

20-ci dövrədə Lindbladın Martiyə üstünlüyü 4,8 saniyə olub. Marti isə Fersxorla 1,2 saniyə fərq saxlayıb. Elə bu zaman Fornaroli pit zolağında sürət həddini aşdığı üçün 5 saniyə cəza alıb.

22-ci dövrənin sonunda Fersxor pit-stop edib və Brauninqin arxasında 11-ci yerə qayıdıb. Növbəti dövrədə lider Lindblad pitə gedib, Medium təkərləri Softla əvəzləyib və trasda Brauninqin arxasında, 10-cu yerdə qayıdıb.

24-cü dövrənin sonunda Marti və Kin Şilds də pitə yollanıb, Beqanoviç bir dövrəlik liderliyə yüksəlib. Marti trasda səkkizinci yerdə qayıdıb, lakin dərhal Göte tərəfindən keçilib. Lindblad isə yeni təkərlər səbəbindən Fersxor və Götedən geri qalıb.

26-cı dövrədə hələ pit-stop etməmiş Kuş Maini və Miata liderlik ediblər. Onları Fornaroli, Stanek, Krouford və digər pit-stop etmiş pilotlar izləyiblər.

27-ci dövrənin sonunda Maini pit-stop edib. 28-ci dövrədə Krouford Stanekə hücum etsə də, keçə bilməyib.

29-cu dövrədə Fornaroli Staneklə fərqi 5,5 saniyəyə çatdırıb və bu, cəzanın tətbiqindən sonra belə yerini qorumasına imkan verib.

31-ci dövrədə Fornaroli pitə getməmiş Miatanı rahatlıqla keçərək liderliyə yüksəlib. Miata isə 35-ci dövrənin sonunda pitə gedib və yarışa ilk onluqdan kənarda qayıdıb.

Leonardo Fornaroli Macarıstanda mövsümdə üçüncü qələbəsini qazanaraq, çempionatdakı fərqini artırıb. Roman Stanek ikinci, Cek Krouford isə üçüncü yeri tutub. Krouford bu nəticə ilə çempionatda Riçard Fersxoru qabaqlayaraq, ikinci yerə yüksəlib.

Formula 2-nin növbəti mərhələsi 5–7 sentyabr tarixlərində Montsada keçiriləcək.

Rauf Hacıyev

Şərh əlavə et