Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Faydasızam

Ferrari komandasının sürücüsü Lyuis Həmilton özünü sərt formada tənqid edib.

Şarl Leklerin poul qazandığı sessiyadaLyuis Həmilton  12-ci yeri tutub və bunu ciddi uğursuzluq kimi qiymətləndirilir. Sessiyadan dərhal sonra yeddiqat Dünya Çempionu özü haqqında “faydasızam” deyib və Ferrari-yə özünü başqa sürücü ilə əvəz etməyi təklif edib.

Lyuis Həmilton: “Hər dəfə mübarizədən mən kənarda qalıram, hər dəfə. Mən faydasızam, tamamilə faydasızam.

Komandanın heç bir problemi yoxdur. Gördünüz ki, digər maşın poul qazanıb. Yəqin ki, sürücünü dəyişmək vaxtıdır”.

Yalnız 59 saniyə davam edən yazılı mətbuat üçün müsahibəsində britaniyalı pilot özünü sərt tənqidə davam edib: “Mən sadəcə dəhşət pilotaj göstərdim. Hekayə bu qədərdir. Sadəcə yetərincə sürətli deyildim.

Bu, maşınla bağlı problem deyil. Həftəsonu ərzində sükan arxasında bir an belə özümü inamlı hiss etməmişəm. Bütün sessiyalarda eyni problemləri yaşadım”.

Ondan soruşulub ki, yarış zamanı yağış yağsa, bir neçə yer qazana bilər? Lyuis Həmilton isə belə cavab verib: “Hazırda mənə heç nə kömək edə bilməz, elə düşünürəm”.

Rauf Hacıyev

Şərh əlavə et