Xəbəri Kokpitdə Oxuyun!

T.Volff: Sürücülərə inam gəldi

Mercedes komandasının rəhbəri Toto Volf Macarıstan Qran Prisinin cümə sərbəst yürüşlərini dəyərləndirib və sürücülərin arxa asılqanda köhnə versiyaya qayıdılması ilə maşında daha çox güvən hiss etdiklərini bildirib.

Kokpit.az xatırladır ki, ardıcıl gələn uğursuz nəticələrdən sonra Mercedes komandası Hunqarorinqə köhnə versiya arxa asılqanla gəlib.

Toto Volff Cümə gününü “göründüyündən daha yaxşı” adlandırıb. O, McLaren-in çox sürətli olduğunu qəbul etsə də, Mercedes-in etdiyi testlərin ümidverici keçdiyini deyib: “Kimi sürətli dövrəsində çox vaxt itirdi, buna görə sıralanmada bir az geridə qaldı. Amma ümumilikdə pis deyildi”.

Toto Volff komandanın son yarışlarda istifadə etdiyi yeni arxa asılqnanın maşının arxa hissəsində balanssızlıq yaratdığını deyib və bu səbəbdən əvvəlki versiyaya geri döndüklərini açıqlayıb: “Yeni arxa asılqanda sürücülər inam hiss etmirdi. Köhnə asılqanı taxdıqdan sonra bu problem aradan qalxdı”.

Bu dəyişikliyin xüsusilə gənc pilot Kimi Antonellinin performansına müsbət təsir etdiyini vurğulayan Volf əlavə edib: “Təkcə son yarışda yox, bir neçə yarışdır çətinlik çəkirdi. Amma bu gün “maşın yaxşı hiss etdirdi” dedi. Bunu zaman cədvəlində görə bilmirsiniz, amma sürüş hissi çox yaxşı idi”.

Həftənin əvvəlində yayılan “böhran toplantısı” iddialarına da toxunan Volf bu xəbərləri yalanlayıb: “Bu cür şeylər tamamilə cəfəngiyatdır. Hər həftə planlı şəkildə dəyərləndirmə toplantılarımız olur. Sürücülərin də qatıldığı belə bir iclas keçən həftə baş tutdu, amma bu, tamamilə rutin proses idi”.

Ferrari-nin həftəsonundakı performansı ilə bağlı sualı da cavablandıran Toto Volf belə deyib: “İkinci sərbəst yürüşdə bir az zəif idilər, amma ümumilikdə ikinci ən güclü komanda ola bilərlər. Biz isə onların arxasındayıq”.

Rauf Hacıyev

Şərh əlavə et