Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri ilişmədən razıdır

McLaren komandasının pilotu Oskar Piastri Macarıstan Qran Prisinin cümə sərbəst yürüşlərində bəzi çətinliklərlə üzləşsə də, maşının ümumi performansından razı qaldığını bildirib.

Kokpit.az xatırladır ki, çempionatın lideri Hunqarorinqdəki hər iki cümə sərbəst yürüşünü də ikinci yerdə bitirib.

Avstraliyalı pilot xüsusilə ikinci sərbəst yürüş sessiyasında özünü daha yaxşı hiss etdiyini deyib, lakin hələ də müəyyən incə sazlanmaların lazım olduğunu qeyd edib:

Oskar Piastri: “Ümumilikdə, bəli, məmnunam. Maşında bəzi dəyişikliklər etməli olduq, amma performansımız kifayət qədər yaxşı idi. İkinci sessiya çox axıcı keçməsə də, ümumi sürətimiz yerində idi. Bu səbəbdən həftəsonunun qalan hissəsi üçün ümidliyəm”.

Mclaren komandasının pilotu balans axtarışı içində olduqlarını və trasda gözləniləndən daha çox ilişmə olduğunu vurğulayıb: “Xüsusilə ötən illə müqayisədə bu il daha yüksək ilişmə səviyyəsi hiss etdik. Bu da bizdən sazlamalarda daha incə dəyişikliklər tələb etdi. Birinci sessiyada maşın bir qədər gözlənilməz davrandı, amma ikinci sessiyada etdiyimiz dəyişikliklər müsbət təsir göstərdi”.

Oskar Piastri Hungaroring trasının McLaren üçün uyğun olduğunu düşündüyünü, keçmiş illərdə də burada yaxşı nəticələr əldə etdiklərini xatırladıb. Ferrari-nin xüsusilə birinci sessiyada sürətli göründüyünü desə də, yarış tempini hələ təhlil etmədiklərini bildirib: “Özümüzü rahat hiss etmədiyimiz bir gündə belə digər komandalarla aramızda ciddi fərq var idi. Bu bir az təəccüblü görünə bilər, amma eyni zamanda bu trasın bizə uyğun olduğunu da bilirik”.

Sonda isə Piastri sıralama turu və yarış üçün maşının potensialından ümidli olduğunu bildirib.

Rauf Hacıyev

Şərh əlavə et