Səhər saatlarında buludlu, lakin quru hava şəraitində start götürən yarışda pouldan başlayan İntrafuvasak liderliyini qoruyub. Onu sıx təqib edən Ceyms Hedli birinci döngədə hücum etməyə çalışsa da, uğur qazana bilməyib. Həmin döngədə Hedli ilə Ceyms Uorton arasında yüngül təmas yaşansa da, hər iki sürücü yerində qalıb.
İlk dövrənin sonuna yaxın 12-ci döngədə Uqo Ugoçukwu rəqibi Alessandro Custinin maşınına toxunaraq onun ön sol asılqanını qırıb. Nəticədə Custi trası tərk edərək, qəza törədib və təhlükəsizlik maşını trasda görünüb.
Yarış 4-cü dövrədə bərpa olunub. İlk onluqda ciddi yer dəyişikliyi olmayıb, amma Çarli Vurts 5-ci yer uğrunda mübarizədə Ugoçukwuya təzyiq göstərməyə başlayıb. İlk onluqdan kənarda çempionatın lideri Rafael Kamara rəqibi Bred Benavidesi keçərək 11-ci yerə yüksəlib.
5-ci dövrədə Ugoçukwu rəqibi Brando Badoeri geridə qoyaraq 4-cü, 7-ci dövrədə isə Uortonu keçərək 3-cü yerə yüksəlib. 10-cu dövrədə Hedli ikinci yer uğrunda mübarizədə Ugoçukwunun hücumlarını sərt şəkildə dəf edib. Bu vaxt Noel Leon Tuukka Taponeni keçərək 10-cu olub, ardınca isə Kamara Taponeni ötüb.
11-ci dövrədə Ugoçukwu Hedlini keçərək ikinci yeri ələ alıb. Kamara da Jerar Sini qabaqlayıb və ilk onluğa daxil olub. Çempionatda ikinci pillədə qərarlaşan Nikola Colov çətinliklə də olsa irəliləyərək, 13-cü dövrədə 17-ci yerə qalxıb.
15-ci dövrədə 4-cü döngədən kənarda Teofil Nael və Noel Leon arasında toqquşma baş verib. Leon üçün yarış bununla başa çatıb və trasda yenidən təhlükəsizlik maşını peyda olub. Elə həmin anda Benavides zədələnmiş asılqana görə pitə dönüb.
Son dövrədə yarış yenidən start götürüb. İntrafuvasak liderliyini qoruyaraq yarışı birinci tamamlayıb. 3-cü yer uğrunda mübarizədə Çarli Vurts Hedlini birinci döngədə keçib və podiuma yüksəlib.
Beləliklə, İntrafuvasak mövsümdə ikinci qələbəsini qazanıb, Ugoçukwu isə karyerasının ən yaxşı nəticəsini – ikinci yeri – təkrarlayıb. Vurts ardıcıl ikinci sprint yarışında üçüncü yeri tutub. Son dövrədə podiumu əldən verən Hedli isə F3 karyerasının ilk xallarını qazanıb.
Yarışın ən sürətli dövrəsini sonuncu yeri tutan İvan Dominqes göstərib. Kamara 8-ci yerdə finiş görərək xal qazanıb, onun əsas rəqibləri Colov və Tim Tramnitz isə ilk onluqdan kənarda qalıb. Artıq bazar günü baş tutacaq əsas yarışda Kamara çempionluğu rəsmiləşdirə bilər.
Şərh əlavə et