Hava buludlu olub, tras quru qalıb. Havanın temperaturu +27°C, asfaltın temperaturu isə +38°C təşkil edib.
Birinci sərbəst yürüşlərdə Pol Aronun idarə etdiyi Sauber-də güc qurğusu problemi baş verdikdən sonra komanda maşını bərpa edib və Nikо Hülkenberq trasa çıxa bilib. Aston Martin-də isə Fernando Alonso sükan arxasına qayıdıb – komanda onun belindəki zədəni sağaltması üçün ilk sessiyada istirahət etməsinə şərait yaradıb. Səhər onu ehtiyat pilot Felipe Druqoviç əvəz edib.
Dəstək yarışlarından sonra trasın vəziyyəti yaxşılaşıb. Komandalar sazlama işlərini və təkərlərin dözümlülüyünü test etməyə fokuslanıblar – ilk yarım saatda sürücülər Hard təkərlərlə, sonradan isə Soft təkərlərlə çalışıblar.
Sessiya ümumilikdə sakit keçib, lakin bəzi hadisələr yaşanıb:
- Lando Norris və Şarl Lekler trasdan çıxıblar, amma maşınlara ziyan dəyməyib.
- Karlos Saynsın maşınında radio və telemetriya işləmədiyindən, komanda onu xəbərdar edə bilməyib və nəticədə ispaniyalı sürücü Liam Lousona mane olub.
- Sessiyanın sonunda McLaren sürücüləri az qala bir-birləri ilə toqquşublar, lakin insident baş verməyib.
- Maks Ferstappen kokpitdən trasa dəsmal tullayıb və buna görə də stüardlar tərəfindən çağırılıb.
Ən yaxşı nəticəni bir daha Lando Norris göstərib. O, 1:15.624 zaman nəticəsi ilə birinci yeri tutub. Oskar Piastri və Şarl Lekler ilk üçlüyü bağlayıblar.
Aston Martin komandasının sürücüləri Ləns Stroll və Fernando Alonso isə gözlənilmədən dördüncü və beşinci yeri tutublar.
Lyuis Həmilton altıncı, Corc Rassell yeddinci, Ayzek Hacar səkkizinci, Yuki Tsunoda doqquzuncu, Kimi Antonelli 10-cu yeri tutublar.
Şərh əlavə et