Xəbəri Kokpitdə Oxuyun!

Macarıstan F2: Stanek pouldan başlayacaq

Formula 2 üzrə Macarıstan Qran Prisinin sıralanma turunda Roman Stanek inamlı çıxışla poul mövqeyini qazanıb. Bazar günü keçiriləcək əsas yarışa onunla birgə ön sıradan çempionatın lideri Leonardo Fornaroli start verəcək.

30 dəqiqəlik sessiya isinmə dövrələri ilə başlayıb. Daha sonra pilotlar ilk sürətli cəhdlərini yerinə yetiriblər. İlk sürətli dövrə Arvid Lindblad tərəfindən – 1:30.319 – göstərilib. Lakin çox keçmədən Roman Stanekin də daxil olduğu bir qrup pilot bu nəticəni geridə qoyub. Stanek liderliyə yüksəlib, onun ardınca Oliver Göte və Riçard Versşur qərarlaşıblar. Fornaroli isə ilk cəhdini tamamlamayıb.

Bir qədər sonra pilotlar ikinci sürətli dövrələrinə başlayıblar. Həmin vaxt Fornaroli də pitdən çıxıb. Stanek öz nəticəsini 0.06 saniyə yaxşılaşdırıb və 1:29.107 zaman nəticəsi ilə liderliyini qoruyub. Göte və Versşor isə nəticələrini yaxşılaşdıra bilməyib və boksa qayıdıblar. Fornaroli ən yaxşı nəticəni göstərsə də, trasın birinci döngəsində tras limitlərini aşdığı üçün nəticəsi ləğv edilib. Növbəti cəhdində isə o, dördüncü yerə yüksəlib.

Qalibin müəyyənləşəcəyi final cəhdlərinə pilotlar yeni təkərlərlə başlayıblar. Stanek yenidən öz nəticəsini yaxşılaşdırıb və 1:28.779 zaman  nəticəsi ilə liderliyini möhkəmləndirib. Cek Krouford ikinci, Lyuk Brauninq isə üçüncü sıraya yüksəlib.

Bir qədər sonra digər pilotlar da sonuncu sürətli dövrələrinə başlayıblar. Lakin demək olar ki, heç kim nəticəsini yaxşılaşdıra bilməyib. Yalnız Leonardo Fornaroli fərqlənib. O, Stanekin nəticəsinə yaxınlaşa bilməsə də, Kroufordu qabaqlayaraq, ikinci yeri təmin edib. Çempionatda ikinci yerdə qərarlaşan Versşor isə yalnız 11-ci nəticəni göstərib və həftəsonunu özü üçün çətinləşdirib.

Qeyd edək ki, sprint yarışında ilk onluq tərsinə start verəcək. Beləliklə, şənbə günü keçiriləcək sprint yarışına Pepe Marti pouldan başlayacaq. Onunla yanaşı ilk cərgədən Aleks Dan start verəcək.

Rauf Hacıyev

Şərh əlavə et