Kokpit.az bildirir ki, Ferstappenin Red Bull ilə müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir. Lakin bəzi iddialara görə, müqavilədə müəyyən çıxış maddələri mövcuddur və bu maddələrin yay fasiləsi ərəfəsində aktiv ola biləcəyi, xüsusilə də niderlandlı pilot çempionatda ilk üçlükdə yer almadığı təqdirdə qüvvəyə minəcəyi irəli sürülmüşdü.
Lakin Ferstappen Belçika Qran Prisindən sonra çempionatda üçüncü yerdə olduğu üçün bu ehtimal hazırkı vəziyyətdə aradan qalxmış sayılır.
Macarıstan Qran Prisindən əvvəl jurnalistlərin suallarını cavablandıran Maks Ferstappen bildirib ki, artıq bu məsələyə aydınlıq gətirməyin vaxtı çatıb: “Əslində bu vaxta qədər bu barədə heç nə demədim, çünki bütün diqqətimi komandamızın performansını necə inkişaf etdirəcəyimizə və gələn il üçün ideyaların müzakirəsinə yönəltmişdim.
Amma artıq bütün bu şayiələrə son qoymaq lazımdır. Mənim üçün hər şey əvvəldən kifayət qədər aydın idi – komandada qalıram.
Onsuz da komanda daxilində ümumi ab-hava da bu şəkildə idi. Daim avtomobillə nə edə bilərik deyə müzakirə aparırdıq. Əgər qalmaq istəməsəydim, bu cür söhbətlər çoxdan dayanmış olardı. Amma heç vaxt belə bir şey etmədim”.
Maks Ferstappenin müqaviləsindəki bəzi çıxış maddələrinin gələn ilin yayında yenidən gündəmə gələ biləcəyi ehtimal olunur. Ona gələn il mətbuatda bu cür söz-söhbətlərlə qarşılaşıb-qarşılaşmayacağı ilə bağlı sual verildikdə isə belə cavablayıb: “Bilmirəm. Əgər bu sualı gələn il mənə versəniz, bəli, yenə dedi-qodular olacaq. Amma mən bu cür mövzulardan danışmağı sevmirəm, çünki işimə fokuslanmağı daha vacib sayıram. Məhz buna görə də müqavilənin detalları haqqında danışmaqdan çəkinirəm.
Heç kim gələn il harada olacağını bilmir. Bu il təkcə McLaren-lə rəqabət aparmaq belə bizim üçün kifayət qədər çətindir. Ferrari və Mercedes-ə qarşı mübarizə aparmaq artıq böyük bir çağırışdır.
Amma hələ də bolidi və onun davranışlarını daha yaxşı anlamaq şansımız var. Gələnilki bolidlər fərqli olacaq, amma bu ildən texniki baxımdan öyrənə biləcəyimiz çox şey var və biz bunları gələn ilə daşıya bilərik.
Ona görə də “çempionluq əldən çıxıb, bu ili boş verək” düşüncəsi məncə, doğru deyil”.
Şərh əlavə et