Kokpit.az xatırladır ki, turnir cədvəlinin zirzəmisində olan komanda Pyer Qasli ilə son iki yarışdan 9 xal qazanıb və azarkeşlərini ümidləndirib. Macarıstandakı hədəf isə uğurlu seriyanı davam etdirməkdir
Pyer Qasli Spadakı çıxışdan məmnun olduğunu bildirib: “Spadakı xallara görə çox sevinirəm. Hava şəraitindən düzgün istifadə etdik və düzgün qərarlar sayəsində gərgin yarışdan uğurla çıxdıq. İndi isə yüksək əhval-ruhiyyə ilə Macarıstan Qran Prisini gözləyirəm.
Hunqarorinq təqvimin ən maraqlı traslarından biridir – bir-birini əvəzləyən sürətli döngələr və qısa düzlüklərlə kartinq trasını xatırladır. Burada ritmə tez düşmək çox vacibdir.
Bu həftəsonu da sıralanma turunun son sessiyasına yüksəlmək və xal qazanmaq üçün çalışacağıq. Komanda son zamanlar çox gərgin işləyib və indi yay fasiləsini səbirsizliklə gözləyir. Fasiləyə qədər yalnız bir yarış qalıb və biz ən yaxşı nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Komandanın digər pilotu Franko Kolapinto isə bu sözləri deyib: “Spa həftəsonu çətin oldu, amma inkişafı hiss etdik. Çox vaxt kiçik detallara görə geridə qalırıq, amma əminəm ki, bu tendensiyanı tezliklə dəyişəcəyik.
Diqqətimizi qoruyuruq və daha yaxşı nəticə üçün gərgin şəkildə işləyirik. Mən gənclər seriyalarında bu trasda bir neçə dəfə xal qazanmışam, ona görə də yenidən sükan arxasına keçmək üçün səbirsizlənirəm.
Yay fasiləsindən əvvəlki son yarışda yaxşı nəticə qazanmaq istəyirik ki, komandamız layiqli istirahətə yüksək əhval-ruhiyyə ilə yollansın”.
Şərh əlavə et