Kokpit.az xatırladır ki, Okon Belçikadakı sprint yarışınsa beşinci, Berman isə yeddinci yeri tutub. Lakin iki sürücü də əsas yarışda xal qazana bilməyib.
Komandanın rəhbəri Ayo Komatsu trasın xüsusiyyətlərinə toxunaraq bunları deyib: “Budapeşt trasında yüksək aerodinamik güc tələb olunur və burada ötmə etmək Monakodakı qədər çətindir. Biz Monakoda rəqabətədavamlı idik və Estebanla birlikdə xal qazandıq. Həmin vaxtdan bəri bolidi daha da təkmilləşdirmişik.
Əsasən sürətli döngələrdəki performansı artırmışıq, amma hər bir yenilik ümumi gücə təsir edir. Silverstounda təqdim etdiyimiz yeniliklər bizə yaxşı baza verdi və bu əsas üzərində işləməyə davam edirik.
Əgər lazımi balansı tapsaq və pilotlarımız maksimumlarını ortaya qoysalar, mənim rəqabətədavamlı nəticə üçün heç bir şübhəm olmayacaq”.
Oliver Berman isə keçmiş təcrübəsini xatırlayaraq belə deyib: “Budapeştə qayıtmaqdan çox məmnunam. Keçən il burada ilk sərbəst yürüşdə iştirak etmişdim və deyə bilərəm ki, bu tras şəhər tipli tras kimidir. Döngələrin sayı və dövrənin qısa olması baxımından… Pilotlar üçün bu mərhələ çox maraqlı olacaq.
Bizim isti hava şəraitində yarışacağımız dəqiqdir, amma Spadan sonra bunu səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, mövsümün ilk yarısını yüksək nəticə ilə tamamlayacağıq”.
Esteban Okon isə Xunqarorinq trasının onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Macarıstan mənim üçün xüsusi mərhələdir, çünki ilk Formula 1 qələbəmi burada qazanmışam. Hər dəfə bu şəhərə və trasa qayıtmaq xoş xatirələr oyadır.
Komanda olaraq Spada göstərdiyimiz formanı təsdiqləməyimiz vacibdir – xüsusən sprintin sıralanma turu və sprint yarışında yaxşı tempimiz var idi.
Xunqarorinq həmişə sevdiyim traslardan biri olub. Burada ötmə çətin olduğu üçün sıralanma turunun nəticəsi çox vacibdir. Əlimizdən gələni edəcəyik ki, şənbə və bazar günləri güclü çıxış edək və yay fasiləsinə yüksək əhval-ruhiyyə ilə yollanaq”.
Şərh əlavə et