Xəbəri Kokpitdə Oxuyun!

N.Hülkenberq: Fürsətlərə hazır olmalıyıq

Son beş yarışın hamısında xal qazanan Sauber komandası Mühəndislər Kubokunda altıncı pilləyə yüksəlib və Hunqarorinqdə bu seriyanı davam etdirmək arzusundadır.

Kokpit.az xatırladır ki, Sauber komandası hazırda 43 xalla 6-cı yerdədir. Onlar son 5 yarışdan 37 xal toplayıblar və 10-cu yerdən altıncılığa yüksəliblər.

Komandanın rəhbəri Conatan Uitli bu barədə belə danışıb: “Macarıstana son yarışlardakı tempi qorumaq ümidi ilə yollanırıq. Barselonadan Spayadək olan mərhələlərdə stabillik və tras üzərində effektivliyə fokuslandıq, texniki yeniliklərdən maksimum faydalanmağa çalışdıq. Bu inkişaf bizi ruhlandırır və Hinvil bazasında çalışan heyətimizin zəhmətini əks etdirir.

Macarıstan gözlənilməz nəticələrlə yadda qalan yarışdır və biz hər bir fürsətdən yararlanmağa hazır olmalıyıq”.

Komandanın əsas pilotu Niko Hülkenberq də komandanın hazırkı performansı ilə qürur duyduğunu bildirib: “Son iki ay böyük ümid verir – yarışdan yarışa inkişaf etmişik, xal qazanmışıq, podiuma belə yüksəldik, hazırda isə altıncı yerdəyik. Mövsümün əvvəlində çətinliklərimiz vardı, amma hər həftəsonu irəliyə doğru addım atdıq. Bu, komanda üzvlərinin fədakar əməyinin nəticəsidir.

Budapeştə yaxşı nəticə üçün gedirik. Bu klassik trasda əvvəllər də uğurlarım olub. Yaxaladığımız tempi qoruyub yay fasiləsinə yüksək əhval-ruhiyyə ilə yollanmaq istəyirik”.

Debütant pilot Qabriel Bortoleto isə bu yarışın onun üçün fərqli mənası olduğunu vurğulayıb: “Bu həftəsonu mənim debüt mövsümümün ilk yarısı başa çatır. Bu dövrdə çox şey öyrənmişəm və inkişaf etmişəm. Komanda mənə ilk testlərdən bəri dəstək olub, xüsusən Nikonun köməyi çox böyük rol oynayıb.

Hər həftəsonu özümü daha inamlı hiss edirəm, bir neçə dəfə sıralanma turunun son sessiyasına keçmişəm və xal da qazanmışam. Budapeşt mərhələsi öyrənməyə və inkişaf etməyə daha bir fürsətdir. Bu fürsəti maksimum dəyərləndirib komandanın uğurlu seriyasını davam etdirmək istəyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et