Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso 2003-cü ili xatırlamır

Aston Martin komandasının sürücüsü Fernando Alonso bu həftəsonu keçiriləcək Macarıstan Qran Prisindən əvvəl 2003-cü ildə Hunqarorinqdə qazandığı ilk Formula 1 qələbəsini xatırlayıb və yağışlı hava şəraitində yarışlar barədə fikirlərini bölüşüb.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü 2003-cü ilin Macarıstan Qran Prisində Formula 1 karyerasının ilk yarışını qazanmışdı.

Fernando Alonso: “Formula 1-də qazandığın ilk qələbə həmişə xüsusi olur. Amma mən o günlə bağlı demək olar ki, heç nə xatırlamıram. Çünki həmin səhər Flavio Briatore, mən və Yarno Trulli Polşada reklam tədbirinə getməli idik.

Bazar günü isə bu qələbəni düz-əməlli qeyd edə bilmədim, çünki tez bir zamanda yola düşməli idik. O vaxt bir az məyus olmuşdum, çünki bu anı yaşamaq istərdim”.

İkiqat dünya çempionu həmçinin yağışlı hava şəraitində keçirilən yarışlarda qarşılaşılaşdıqları çətinliklərdən də danışıb: “İndi yağışlı havalarda görünüş əvvəlkindən daha pisdir. Bu bir neçə səbəbdən qaynaqlanır. Təkərlərin daha enli olması bir səbəbdir, digər tərəfdən isə bir çox trasda asfalt örtüyünün xüsusiyyətləri dəyişib.

Məsələn, Sepanqda güclü yağış altında çıxış etdik və hər şey qaydasında idi. Ancaq müasir asfalt örtüyü quru havada əla ilişmə təmin etsə də, yağışda şüşə kimi sürüşkən olur”.

Rauf Hacıyev

Şərh əlavə et