Ölkənin Avtomobil İdmanı Federasiyasının prezidenti Eren Üçlertoprağı bildirib ki, əgər planlaşdırılmış mərhələlərdən biri baş tutmasa, İstanbul Park trası artıq 2026-cı ildə Qran Pri keçirməyə hazırdır. Lakin əsas məqsəd Türkiyə Qran Prisini təqvimdə daimi olaraq bərpa etməkdir.
Eren Üçlertoprağı: “Hökumət Formula 1 təqvimində Türkiyənin yerini təmin etmək üçün uzunmüddətli müqavilə imzalamaqda qərarlıdır, – deyə Üçlertoprağı yerli mətbuata açıqlamasında bildirib. – Bildiyiniz kimi, 2026-cı il üçün təqvim artıq formalaşdırılıb, lakin hər hansı səbəbdən yarışlardan biri baş tutmasa, Türkiyə Qran Prisini keçirməyə hazırıq.
Ancaq pandemiya dövründə olduğu kimi bir dəfəlik əvəzləyici yarış keçirmək istəmirik. Biz uzunmüddətli müqavilə ilə Formula 1 təqvimində daimi yer tutmaq niyyətindəyik.
Yarışla bağlı bütün ödənişlər və prosedurlar dövlət zəmanəti altında həyata keçiriləcək. Hökumətdən bu layihəyə böyük dəstək və təsdiq almışıq”.
Qeyd edək ki, Türkiyə daha əvvəl 2005-2011-ci illərdə Formula 1 yarışlarını qəbul edib. 2020-2021-ci illərdə isə pandemiya dövründə İstanbul Park trasında daha iki yarış keçirilib.
Şərh əlavə et