Komandanın rəhbəri Frederik Vassyör bildirib ki, bu, SF-25 bolidinə mövsüm ərzində tətbiq ediləcək son böyük yenilikdir. Mövsümün qalanında yalnız böyük olmayan və trasa uyğunlaşdırılmış kiçik dəyişikliklər gözlənilir.
Frederik Vassyör: “Bütün komandalar oxşar vəziyyətdədir. Mövsüm sonuna yaxınlaşdıqca diqqət getdikcə daha çox növbəti ilə yönəlir. Yenə bir neçə kiçik yenilik ola bilər, hansısa trasın özəlliklərinə, hava şəraitinə və ya digər amillərə uyğun olaraq. Amma artıq heç bir əsaslı texniki yenilik olmayacaq”.
Komanda rəhbəri Spada təqdim olunan yeniliklərin potensialı olduğuna inanır, lakin sprint formatı səbəbindən bu potensial tam üzə çıxarılmayıb: “Düşünürəm ki, hələ kiçik sazlanmalara ehtiyac var. Sprint formatlı həftəsonunda yeniliklər üzərində işləməyin çətin olacağını bilirdik, amma onları Budapeştə qədər təxirə salmaq istəmədik.
Bəli, cümə günü uzun məsafəli yürüşlərdə işləyə bilmədik və yetərincə məlumat toplaya bilmədik, amma yenilikləri Spaya gətirmək qərarı doğru idi, çünki bu, Macarıstan Qran Prisinə hazırlıq idi.
Görək, növbəti mərhələdə nə qədər inkişaf edəcəyik. Spada yavaş döngələrdə zəif görünürdük, bu sahədə inkişaf etməliyik. Amma əminəm ki, Spada topladığımız bütün məlumatlar bizə gələn həftəsonu çox faydalı olacaq”.
Qeyd edək ki, Ferrari komandası Spada keçirilən yarışda Şarl Lekler ilə üçüncü olaraq, podiuma yüksəlib. Lyuis Həmilton isə pit yolundan başladığı yarışı düzgün strategiya ilə yeddinci yerdə bitirib.
Şərh əlavə et