Xəbəri Kokpitdə Oxuyun!

Audi titul sponsoru tapıb

Audi 2026-cı ildən etibarən Formula 1-ə qatılmağa hazırlaşarkən, ilk böyük sponsorunu açıqlayıb. Alman avtomobil istehsalçısı qlobal rəqəmsal maliyyə şirkəti Revolut ilə titul sponsorluğu müqaviləsi imzalayıb.

Kokpit.az xatırladır ki, Audi 2026-cı ildən Sauber komandasını rəsmi olaraq alacaq. Alman avtomobil istehsalçısı beləliklə ilk mövsümündə güclü tərəfdaşla çıxış edəcəyini rəsmiləşdirib. Daha əvvəl yalnız Adidas ilə geyim sponsorluğu müzakirə olunurdu. Lakin Revolut-un qoşulması ilə Audi-nin Formula 1 layihəsinə güclü tərəfdaşla başlayacağı məlum olub.

Komandanın hazırkı və gələcək rəhbəri Conatan Uitli bu tərəfdaşlıqla bağlı belə deyib: “Revolut ilə yalnız marka uyğunluğu deyil, həm də motorsportda yenilikçi yanaşmaları ortaya qoyacaq strateji əməkdaşlıq qurduq”.

Audi-nin CEO-su Gernot Döllner isə bu layihənin şirkət üçün uzunmüddətli strateji əhəmiyyətini vurğulayıb: “Audi olaraq Formula 1-ə texnoloji baxımdan mənalı və iqtisadi cəhətdən davamlı bir sərmayə kimi baxırıq. Revolut bu düşüncəmizi paylaşan bir tərəfdaşdır. F1 bizə məhsullarımızı yeni auditoriyalara təqdim etmək və qlobal səviyyədə həyəcan yaratmaq üçün ideal platformadır”.

60 milyondan çox istifadəçiyə sahib olan Revolut şirkəti beləliklə son iki ildə Sauber-in baş sponsoru olan Stake-in yerini alacaq.

Müqaviləyə əsasən, tərəfdaşlıq rəqəmsal tətbiqlər, fanlar və Revolut istifadəçiləri üçün eksklüziv imkanlar da təqdim edəcək. Audi və Revolut-un bu əməkdaşlığı, Formula 1-də texnoloji innovasiyaları və istifadəçi yönümlü yanaşmanı bir araya gətirməyi hədəfləyir.

Rauf Hacıyev

Şərh əlavə et