Xəbəri Kokpitdə Oxuyun!

A.Elbon: Təkərlər yeyilmişdi

Williams komandasının pilotu Aleka Elbon Belçika Qran Prisində göstərdiyi performansla yeddiqat dünya çempionu Lyuis Həmiltonu arxasında saxlamağı bacarıb.

Kokpit.az xatırladır ki, taylandlı sürücü Belçika yarışına 5-ci yerdən başlasa da, startda Corc Rassellə keçilib və yekunda 6-cı yeri tutaraq, aktivinə 8 xaı yazdırıb.

Yarışdan sonra müsahibə verən Aleks Elbon bildirib: “Təkərlər demək olar ki, tamamilə yeyilmişdi, amma nəticədən çox məmnunam. Yağış təkərlərində çətinlik çəkəcəyimizi əvvəlcədən bilirdik. Silverstounda da oxşar problemlər yaşamışdıq.

Xüsusilə sürətli döngələrdə keçid təkərləri ilə çox çətinlik yaşadıq. Lakin asfalt qurumağa başladıqdan sonra vəziyyət dəyişdi. Rəqiblər təkərləri tez yeyirdilər, biz isə bu işdə daha yaxşı idik. Hətta Corca yaxınlaşmağa belə başladım.

Quru təkərlərə keçdikdən sonra uzun müddət Corcun iki saniyə gerisində idim və tempimiz kifayət qədər yaxşı görünürdü. Sonra bir az gerilədim, amma ümumilikdə pis deyildi. Hər şəyə baxmayaraq, Lyuisi arxada saxlamağa kifayət qədər sürətimiz var idi”.

Həmiltonun pitə girdiyi anda özü üçün pit-stopu nəzərdən keçirib-keçirmədiyi ilə bağlı sualı cavablandıran Aleks Elbon deyib: “Xeyr, pitə ilk girən olmaq istəmirdim. Əylənmə zonalarında su gölməçələri var idi və biz yerimizə görə risk etmək istəmədik. Bəlkə bir qədər ehtiyatlı davrandıq, amma vəziyyətə uyğun olan da bu idi”.

Yarışın startının gecikdirilməsini də tənqid edən Aleks Elbon əlavə edib: “Düşünürəm ki, yarış daha tez başlaya bilərdi. Bu, bəlkə də nəticələrə təsir etməzdi, amma daha maraqlı bir yarış izləyə bilərdik. Yaş trasda az sürmək əslində bizim üçün xeyirli oldu.

Yağış başlayanda pit yolundan çıxan komandalar qanad bucaqlarını artırdılar. Belə traslarda, xüsusən də yaş trasda bu fərq dövrə başına 1 saniyəyə qədər çıxa bilər. Lyuis və Kiminin arxadan sürətlə yaxınlaşmasından narahat idik. Biz əksinə hava müqavimətini azaltmağa qərar verdik. Bu, bizi bir az düşündürdü, amma xoşbəxtlikdən yarışın əksər hissəsi quru hava şəraitində keçdi.

Özümü yaxşı hiss edirdim. Təkərlərlə müəyyən çətinliklər yaşadım, amma səmimi desəm, həm təkərlərin, həm də maşının həddində sürürdüm. Ətrafımdakı pilotlara uyğun temp tutmağa və Lyuisi arxamda saxlamağa çalışırdım. Öz tempimlə getsəydim, bəlkə yarış tempim bir qədər daha yaxşı olardı”.

Rauf Hacıyev

Şərh əlavə et