Xəbəri Kokpitdə Oxuyun!

4 komanda təkər testi edəcək

1–3 avqust tarixlərində Hunqarorinqdə keçiriləcək Macarıstan Qran Prisindən sonra Formula 1 komandaları ənənəvi yay fasiləsinə yollanacaq. Lakin dörd komanda 5 və 6 avqustda baş tutacaq Pirelli testlərində iştirak etmək üçün Budapeştdə qalacaq.

Testlərə Ferrari, Racing Bulls və McLaren komandaları bir gün, Alpine isə hər iki gün qatılacaq. Bu sessiyalarda mühəndislər 2026-cı il mövsümündə istifadə olunacaq yeni təkərləri qiymətləndirəcəklər. Reqlamentə əsasən, yeni təkər quruluşu 1 sentyabra kimi homologasiya olunmalı, tərkiblərin homologasiyası isə 15 dekabradək yekunlaşmalıdır.

Pirelli-nin planlarına əsasən, bu testlərdən sonra daha üç ikigünlük test sessiyası keçiriləcək. Onlar Montsa, Mucello və Mexikoda baş tutacaq və komandalar növbəti mövsüm üçün nəzərdə tutulan təkər prototipləri üzərində işlərini davam etdirəcəklər.

Macarıstan Qran Prisinə Pirelli keçənilki ilə eyni təkər tərkiblərini – C3, C4 və C5 – gətirəcək. 2024-cü ildə bu tərkiblər ən yumşaq üçlük idi. Lakin 2025-ci ildə Pirelli-nin sırasına daha da yumşaq olan C6 tərkibi əlavə olunub. Buna baxmayaraq, şirkət Hunqarorinq üçün C6-nın çox ekstremal seçim olduğunu hesab edib. Çünki trasın konfiqurasiyası və ötən il 58,6 dərəcəyə çatan asfalt temperaturu bu tərkib üçün uyğun deyil.

Macarıstanda trasın vəziyyəti xüsusilə ilk iki gündə nəzərəçarpacaq dərəcədə yaxşılaşır. Sərbəst yürüşlər zamanı təkərlərdə dənlənmə müşahidə olunur, lakin trasın istifadə olunmuş rezinlə örtülməsi ilə bu hal tədricən azalır.

Yüksək termal deqradasiya Soft tərkiblər üçün təsnifat dövrələrində sürücülərə əsas çətinliklərdən biridir. Təkərlərin vəziyyətinə yetərincə diqqət edilmədikdə, son iki döngədə ciddi problemlər yarana bilər.

Rauf Hacıyev

Şərh əlavə et