Xəbəri Kokpitdə Oxuyun!

P.Qasli: Çətin oldu

Alpine komandasının pilotu Pyer Belçika yarışında aşağı asfaltayatma qüvvəsi sazlaması, dəqiq təkər strategiyası və güclü müdafiəsi sayəsində xal qazanmağı bacarıb.

Fransız pilot yarışın xüsusilə son hissəsində ard-arda gələn hücumlara qarşı “çox intensiv” müdafiə olunduğunu bildirib: “İlk dövrələrdə ilk onluqda olmadığımı bilirdim. Ya hər şey ya heç nə kimi idi. Komanda ilə birlikdə düzgün zamanda quru təkərlərə keçdik. Riskli qərar idi, amma böyük qazanc imkanı var idi.

Geriyə düşəcəyimi bilirdim və müdafiəyə hazır idim. Amma bu qədər uzun müddət və bu qədər çox maşına qarşı müdafiə olunacağımı gözləmirdim”.

Yarışın gec başlaması ilə bağlı suallara isə təhlükəsizliyi önə çıxaran mövqedə cavab verən Qasli bildirib: “Yarış başlayanda heç nə görmürdük. İlk dövrədə görüntü sıfır idi. Bəlkə beş dəqiqəlik açıq pəncərə var idi, amma ümumi olaraq ehtiyatlı davranmaq doğru idi. Bu trasda nələr olduğunu bilirik. Yarışın 10 dəqiqə gec başlaması, 10 dəqiqə tez başlamasından yaxşıdır”.

Qasli həmçinin Alpine-in strategiyasına da təriflər yağdıraraq, komanda işindən məmnunluğunu ifadə edib: “Silverstounda da düzgün qərarlar almışdıq. Bu gün də doğru zamanda doğru addım atdıq. O yarışda komanda qərar vermişdi, ancaq bu dəfə isə qərarı mən verdim”.

Fransız pilot Spadakı mübarizənin ona nə qədər çətin başa gəldiyini də gizlətməyib: “Yəqin ki, bu, karyeramın ən çətin qazanılan xallarından biri idi. Bu gecə rahat yatacağam”.

Rauf Hacıyev

Şərh əlavə et