Xəbəri Kokpitdə Oxuyun!

N.Rosberq: Norris yatdı

Formula 1 üzrə sabiq Dünya Çempionu Niko Rosberq Belçika yarışında Lando Norrisi geridə qoyaraq qələbəyə qazanan Oskar Piastrinin çıxışını möhtəşəm adlandırıb.

Kokpit.az xatırladır ki, Lando Norris yarışa pouldan başlayıb və təhlükəsizlik avtomobili arxasında keçən ilk dörd dövrədə liderliyini qoruyub. Lakin təhlükəsizlik avtomobili pitə girdikdən sonra ilk döngədən çıxarkən etdiyi bir səhv Piastrinin gerisinə düşməsinə səbəb olub.

Bu hadisədən sonra McLaren komandası hər iki pilot üçün fərqli strategiya seçib. Piastri pitə girərək Medium təkərlərə, Norris isə Hard təkərlərə keçib. Bu qərar yarışın taleyini müəyyənləşdirib.

Piastri o andan etibarən liderliyi əldən verməyib və damalı bayrağı ilk keçən pilot olub.

Niko Rosberq: “Oskar Piastri yenə də möhtəşəm idi. Bəzən bir idmançı və ya pilot olaraq yalnız bir şans əldə edirsən və o, bu şansı tam mənasında dəyərləndirdi. Sakit, dəqiq və əla sürüş nümayiş etdirdi.

Digər tərəfdə isə Lando Norris vardı, amma hər şeyi ideal şəkildə yerinə yetirə bilmədi”.

Rosberq xüsusilə təhlükəsizlik avtomobilindən sonrakı restartda Norrisin zəif reaksiyasını tənqid edib: “Restart zamanı adətən öndə olan pilot zamanlamanı özü müəyyənləşdirir və rəqibləri hazırlıqsız yaxalayır. Amma Norris demək olar ki, yuxuda idi – çox zəif sürətlə başladı, Oskar isə yaşıl bayraq hələ qalxmadan onun arxasında idi.

Birinci döngədən çıxarkən Norris bir səhv etdi və Oskar əla manevrlə onu keçdi. Bu çox təsiredici və güclü hərəkət idi”.

Rosberq yarışın sonlarında Norrisin yenidən liderlik uğrunda şansı olduğunu, lakin təkrar olunan səhvlərin nəticəyə təsir etdiyini vurğulayıb: “Sonda Landonun hələ də şansı var idi, çünki o Hard təkərlərlə sürürdü və Piastrinin təkərləri artıq köhnəlmişdi. Amma Norris üç səhv etdi, komanda da pit-stopda təxminən bir saniyə itirdi.

Bu, bir az Norrisə xasdır, amma təəssüf doğurur. Həmilton və ya Ferstappen belə b təqib zamanı üç səhv etməzdi. Təəssüf ki, bu, Lando üçün təkrarlanan bir problemdir”.

Buna baxmayaraq Rosberq bildirib ki, ümumi mənzərədə Norris də yaxşı performans göstərdiyini deyib: “Buna baxmayaraq, ümumi olaraq onun üçün də yaxşı bir həftəsonu oldu”.

Rauf Hacıyev

Şərh əlavə et