Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Təhlükəsizlik vacibdir

Williams komandasının pilotu Karlos Sayns Belçika yarışına pit yolundan başlama qərarının arxasındakı strategiyanı və yarışın nəticələrini qiymətləndirib. Sıralanma turunda yaşanan texniki problemlərdən sonra boliddə dəyişikliklərə gedən ispan pilot yağışlı yarış ehtimalına görə fərqli arxa qanad seçdiklərini, lakin bu riskin nəticə vermədiyini bildirib.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü yarışa pit yolundan başlasa da, yekunda 18-ci yeri tutub və xalsız qalıb.

Karlos Sayns: “Şənbə günü sıralanma turunda düzgün istiqamətə getmədik. Boliddə bəzi anormallıqlar gördük və buna görə dəyişiklik etdik. Bu da bizə tam yağış ehtimalına görə fərqli arxa qanadı sınaqdan keçirmək şansı verdi. Amma bu risk işə yaramadı. Yarışın cəmi 8-10 dövrəsi yaş trasda keçdi”.

Spa kimi təhlükəli trasda yarışın gec başlamasının doğru qərar olduğunu deyən Sayns düşünür ki, Silverstoundakı təcrübədən sonra yarış direktoru ehtiyatlı yanaşma nümayiş etdirib: “Bura Spadır, burada “əvvəlcə təhlükəsizlik” düşüncəsi hər zaman keçərlidir. Silverstoundakı hadisələrdən sonra yarış direktoru daha ehtiyatlı olacağını demişdi və elə də etdi. Nəticədə hamı yarışı izləyə bildi – düşünürəm ki, bu, təhlükəsiz və doğru qərar idi”.

İspaniyalı sürücü yarışın ortasında Hard təkərlərə keçidinin səbəbini də açıqlayıb. O bildirib ki, xal zonasından kənarda olduqları üçün alternativ strategiyaya yönəliblər: “Xal qazanmaqdan çox uzaqda idik. Yavaş bir pit-stop da məni geri saldı. Bu nöqtədə fərqli bir şey sınaqdan keçirmək qərarına gəldik. Bəlkə rəqiblərim təkər yeyilməsi yaşasaydılar, biz önə çıxa bilərdik”.

Sayns trasın qısa müddətdə quruması barədə danışıb. O, yüksək asfaltayatma qüvvəsi sazlanmasının artıq əvvəlki qədər effektiv olmadığını deyib: “Bu bolidlər trası saç qurutma maşını kimi qurudur. Günəş bir az parıldadısa, 10-15 dəqiqəyə hər yer quruyur. Bu yarışdan çıxan nəticə odur ki, yağış sazlanması və yüksək asfaltayatma qüvvəsi artıq o qədər də məntiqli deyil. Əgər tam yağışlı bir yarış olsaydı, bəlkə önə çıxa bilərdik. Amma bu dəfə alınmadı”.

Rauf Hacıyev

Şərh əlavə et