Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell iclas keçirəcək

Corc Rassell Mercedes komandasının son yarışlardakı performans enişini “narahatedici” adlandırıb və bu həftə komanda ilə iclas keçirəcəklərini açıqlayıb.

2025-ci ilin Kanada Qran Prisində mövsümün ilk qələbəsini qazanan britaniyalı pilot o gündən bu yana yalnız Avstriya və Belçikada ilk beşlikdə finiş görüb. O, Spa-Francorçampsda Alex Elbonu geridə qoyaraq 5-ci yeri əldə etsə də, önündəki Ferstappen və Leklerə yaxınlaşa bilməyib.

Yarışı “gözləntilərin altında” adlandıran Russell bildirib ki, Mercedes-in Brəklidəki texniki heyəti ilə bir araya gələrək son həftələrdə verilmiş qərarları təhlil ediləcəklər: “Sözün açığı, bu yarış məyusedici oldu. Adətən sərin hava şəraiti bizə daha uyğun olur. Buna görə də şərait bizim xeyrimizə idi. Amma son vaxtlar ümumiyyətlə tempimiz yoxdur – bunu birlikdə oturub müzakirə etməliyik.

Bu həftə bütün mühəndis və dizaynerlərlə birlikdə böyük bir iclas keçirəcəyik. Son həftələrdə aldığımız qərarları analiz edib, nə üçün geri getdiyimizi anlamağa çalışacağıq. Ümid edirəm ki, Macarıstanda bir irəliləyiş görəcəyik”.

Corc Rassell F1 TV-yə verdiyi açıqlamada bildirib ki, əldə etdikləri beşincilik real templəri üçün çox yaxşıdır: “Son yarışlarda niyə bu qədər geriləmişik, bunu anlamağa ehtiyacımız var. Bu vəziyyət hər birimiz üçün əsəbpozucudur.

Əldə etdiyimiz beşincilik maşının real sürətindən daha yaxşı görünür. Amma heç olmasa əlimizdən gələni etdik.

Bundan bir neçə ay əvvəl yön dəyişikliyinə getmişdik və məncə, o andan etibarən geriyə doğru addımlar atdıq. Bəzən nəyi səhv etdiyini anlamaq bir neçə yarış çəkə bilər, amma görünən budur ki, mövsümün əvvəlindəki vəziyyətimizə qayıtmalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et