Kokpit.az xatırladır ki, Belçika yarışının startı yağışa görə 1 saatdan çox gecikdirilib. Daha sonra isə yarış hərəkətli startla başlayıb.
Niderlandlı pilot yarışı dördüncü yerdə bitirib və bildirib ki, komandasının yağışlı hava üçün etdiyi sazlamalar boşa gedib. O, eyni zamanda qərarların həddindən artıq ehtiyatla verildiyini deyib.
Maks Ferstappen: “Yarışa yaş trasda başlamaq üçün sazlanmalar etmişdik, amma bizə demək olar ki, quru trasda yarışmağa icazə verildi.
Silverstoindan sonra daha diqqətli olunacağı deyilirdi, amma bu dəfə ehtiyatlılıq həddini aşdı. Bu cür qərarlarla yarışın geni, ruhu pozulur”.
Yarışın 17:00-da başlamalı olduğunu deyən Ferstappen, belə davam edib: “O vaxt yağış yox idi. 1-ci və 5-ci döngələr arasında bir az su var idi, amma iki dövrə vursaydıq, vəziyyət aydın olardı. Bu tip qərarlarla artıq klassik yağış yarışlarını görə bilmirik”.
Dördqat Dünya Çempionu görmə ilə bağlı çətinliklər haqqında isə belə maraqlı açıqlama verib: “1-ci və 5-ci döngə arasında görmə çətin idi, amma bu cəmi bir neçə dövrə sürdü. Nə qədər çox dövrə vursan, bir o qədər yaxşı olar. Əgər görə bilmirsənsə, qazdan ayağını çəkirsən. Bir nöqtədə mütləq görürsən”.
Yarışın sonunda Red Bull-un bəzi zəif tərəflərinin yenidən ortaya çıxdığını da vurğulayan Ferstappen deyib: “Quru trasda düzlüklərdə çox yavaş idik. Artıq ümumi balans problemi var və bu da vəziyyəti daha da çətinləşdirir. Bu problem elə asanlıqla həll olunacaq məsələ deyil”.
Yeni mövsümə fokuslanıb-fokuslanmadığı sualına isə Ferstappen belə cavab verib: “Hazırkı maşından öyrənməli olduğumuz hələ çox şey var. 2026-cı ildə bolidlər fərqli olacaq, amma indidən toplayacağımız bəzi məlumatlar gələn il üçün də bizə fayda verəcək”.
Şərh əlavə et