Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: FİA ehtiyatlı davrandı

Ferrari komandasının pilotu Lyuis Həmilton Belçika Qran Prisinə pit yolundan başlasa da, güclü performansla 7-ci olaraq, xal qazanmağı bacarıb.

Amma yarışın gec başlaması və təhlükəsizlik maşınının arxasında uzun müddət dövrə vurulması, britaniyalı pilotun FIA-ya irad bildirməsinə səbəb olub.

Lyuis Həmilton: “Yerindən start verilə bilərdi. Yarışa başlamağa hazır idik. Radiodan dəfələrlə qışqırdım. Amma boş yerə dövrələr vurduq”.

Həmilton bildirib ki, Silverstoun yarışından sonra edilən tənqidlərə görə FIA həddindən artıq tədbirli davranıb: “Demək olar ki, quru trayektoriya yaranmışdı. Sprey yox idi. Rahatlıqla yerindən start verilə bilərdi”.

Həftə sonunun texniki çətinliklərindən də danışan Həmilton bildirib ki, yeni detalların ilk dəfə sınaqdan keçirilməsi, sazlama problemləri və mühəndis dəyişiklikləri səbəbilə çətin bir start yaşayıb. Amma gecə boyunca edilən dəyişikliklərlə bolidin performansını yaxşılaşdırdıqlarını və yarışdan zövq aldığını bildirib.

Lyuis Həmilton: “Bu bolidlə ilk dəfə idi ki, özümü bu qədər rahat hiss etdim. Amma son iki gündəki performansım komandanın layiq olsuğu səviyyədə deyildi”.

Yeddiqat Dünya Çempionu Ferrari-dəki ilk mövsümündə mühəndis dəyişikliyinin çətinlik yaratdığını, lakin uyğunlaşmanın getdikcə yaxşılaşdığını qeyd edib.

O, yarışda düzgün anda təkər dəyişdiyini deyib: “Düşünürəm ki, bu dəfə ideal zamanda pitə girdim. Bir dövrə tez də ola bilərdi, amma nəticə etibarilə düzgün qərar idi”.

Lyuis keçmiş komandası Mercedes-in boksunu da ziyarət edib: “Sürücülər paradından sonra keçərkən Bono və Shovlinə baş çəkdim, salam verdim”.

Yarışın ehtiyatla idarə olunması ilə bağlı isə belə deyib: “Silverstunda sürücülərin əksəriyyəti restart edilməməli olduğunu söyləmişdi. Burada isə həddən artıq ehtiyatlı davranıldı. Amma bu dəfə hava o qədər də pis deyildi. Yenə də FIA təhlükəsizliyi ön planda tutdu”.

Sonda isə həftə sonunun çətinliyinə baxmayaraq, Həmilton ümidli olduğunu deyib: “Bu həftəsonu geridə qalmalıdır. Amma buradan öyrəndiklərimizlə Budapeştdə daha güclü olacağımıza inanıram”.

Rauf Hacıyev

Şərh əlavə et