Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Sıralanmanı düzəltməliyik

Belçika Qran Prisindən sonra fikirlərini bölüşən Andrea Kimi Antonelli bildirib ki, yarış tempindən razı qalıb, lakin sıralanma tempində hələ də ciddi inkişafa ehtiyacı olduğunu vurğulayıb.

Kokpit.az xatırladır ki, italyan sürücü Belçikadakı sıralanma turunda 18-ci olub. O, yarışda da uğurlu çıxış etməyib və 14-cü yeri tutaraq, xalsız qalıb.

Kimi Antonelli: “Bu yarışda sürüşüm daha yaxşı idi, amma sıralanma sessiyalarının üzərində daha çox işləməliyəm. Bolidə olan inamımı yenidən qazanmağım vacibdir”.

Debutant sürücü yarışın əvvəlində təmiz havada atdığı bir neçə dövrədən zövq aldığı deyib: “Önüm açıq şəkildə bir neçə dövrə sürdüyüm zaman yarışdan daha çox zövq aldım. Amma trafikı düşəndə real tempinizi göstərmək çətinləşir. Açıq trasda atdığım bir dövrə çox yaxşı idi, amma sıxlıqda dərhal iki saniyə itirdim. Buna görə də arxa sıradan başlamaq işimizi çətinləşdirir”.

Antonelli yarışda Fernando Alonsonu ötməsi barədə də danışıb: “Ötmə yaxşı alındı, hələ də öyrənirəm. Ötmə nöqtələrində düzgün hissiyyatı tutmaq vacibdir. Xüsusilə DRS düzlüyündəki mübarizələr mənim üçün çox öyrədici oldu”.

Əvvəllər ön cərgədən başladığı yarışlarla bu həftəsonunu müqayisə edən Antonelli belə deyib: “Öndən başladığım yarışlar tamamilə fərqli keçirdi. Ona görə də sıralanma turunda daha güclü olmalıyam”.

Yarışdan sonra Ferrari pilotu Lyuis Həmiltonun onu ziyarət etdiyini də açıqlayan Antonelli hisslərini belə ifadə edib: “Komandanı salamlamağa gələndə mənimlə də danışdı. “Başını dik tut, pis həftəsonları normaldır” dedi. Mənə inanmağımı və davam etməyimi söylədi. Bu, həqiqətən çox gözəl jest idi”.

Rauf Hacıyev

Şərh əlavə et