Kokpit.az xatırladır ki, yaponiyalı sürücü Belçikadakı əsas sıralanma turunda yeddinci yeri tutub və uzun müddətdən sonra üçüncü sessiyaya yüksəlib.
Yuki Tsunoda açıqlamasında bunu deyib: “Komanda böyük bir addım atdı. Sprint yarışından sonra ani qərarla bolidə yeni döşəmə əlavə edildi. Bu da məni əvvəlki yarışlardan tamamilə fərqli vəziyyətə gətirdi. Həqiqətən çox minnətdaram”.
Performansındakı yüksəlişin yalnız texniki yeniliklərlə bağlı olmadığını da vurğulayan Tsunoda bunları deyib: “Əslində kağız üzərində doğru istiqamətdə olduğumuzu göstərən işarələr vardı. Bu nəticə ilə bunu təsdiqləmiş oldum. Bu fürsət mənim üçün yaxşı oldu”.
Yuki Tsunoda yeni komanda rəhbəri Loran Mekisin yenidən yanında olmasının ona motivasiya verdiyini deyib: “VCARB-da olarkən üçüncü sessiyaya keçəndə həmişə mənə gülümsəyərdi. Bu gün də eyni şey oldu. O təbəssümü görmək insanın əhvalını yüksəldir.
Tsunoda yarışa yeddinci yerdən başlayacaq və bu yarışın Red Bull ailəsi ilə 100-cü Qran Pri startı olacağını da xatırladıb: “Zaman çox tez keçdi. Bu beş il məni həm bir insan, həm də sürücü kimi böyütdü. Bu mühit çətindir, amma eyni zamanda çox şey öyrədir”.
Yaponiyalı sürücü beş yarışdır xal qazana bilmir. İndi hədəf bu antirekordu bitirməkdir: “Uzun müddətdir ki, xal ala bilmirəm. Bu həftəsonu bu seriyanı sonlandırmaq istəyirəm”.
Sonda isə, sabiq dünya çempionu Niko Rosberqin Yaponiya səfəri üçün yemək tövsiyəsi istəməsi üzərinə Tsunoda belə cavab verib: “Rameni mütləq sınayın. Yaponiyada şorbası 12–24 saat bişirilir. Avropadakı ilə müqayisə etmək olmaz. Həmçinin Kyotonu mütləq görün”.
Şərh əlavə et