Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: İkinci yerdən başlamaq pis deyilmiş

McLaren komandasının sürücüsü Oskar Piastri Belçika yarışında qələbəyə imza atdıqdan sonra verdiyi açıqlamada bildirib ki, yarışın startı və ilk dövrəsi həlledici olub.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü komanda yoldaşı Lando Norrisi Qırmızı Su döngəsinin çıxışında keçərək, liderliyi ələ alıb və bu manevr yarışın nəticəsi üçün həlledici olub.

Oskar Piastri: “Yarışı qazanmaq üçün ən böyük şansımın ilk dövrə olduğunu bilirdim. 1-ci döngədən yaxşı çıxdım və Qırmızı Su döngəsində mümkün qədər qaza basdım. Norrisə nisbətən bir qədər az əyləcə toxundum və bolidi trasda saxlamağı bacardım. Yoxuşu qalxıarkən bir az həyəcanlı oldu, amma ötməni tamamladım”.

Avstraliyalı pilot yarışın qalan hissəsində tempini qorumağı bacarıb. O yarışın son beş-altı dövrəsində Medium təkərlərlə çətinlik yaşasa da, ümumi nəzarəti əldən verməyib.

Oskar Piastri: “Dünənki performansıma görə məyus olmuşdum, amma ikinci yerdən başlamaq o qədər də pis deyilmiş”.

Rauf Hacıyev

Şərh əlavə et