Xəbəri Kokpitdə Oxuyun!

M.İzola: C1 səhv seçim deyil

Pirelli Motorsport-un rəhbəri Mario İzola düşünür ki, onlar Belçika Qran Prisinə C1 tərkibləri gətirməklə səhv etməyiblər.

Bu il Pirelli Spa trasına iki pillə fərqi olan təkər tərkiblərini – C1, C3 və C4–ü gətirib. Lakin ilk iki gündə komandalar ən sərt tərkib olan C1-dən istifadə etməyiblər. Buna baxmayaraq, Pirelli-nin fikrincə C1 tərkibini Spa trasına gətirmək qərarı səhv olmayıb.

Mario İzola: “Adətən sprint formatlı həftəsonlarında olduğu kimi, şənbə günü olduqca intensiv keçdi. Sprint yarışında əksər pilotların istifadə etdiyi Medium təkərlər haqqında çoxlu faydalı məlumat toplamışıq. Spa trası təkərlər üçün yüksək yüklənmə yaradır, amma ciddi yeyilmə müşahidə etmədik. Üstəlik, cümə günü keçirilən sərbəst yürüşdə də təkərlərdə dənlənmə baş vermədiyini gördük.

Strategiyaya gəlincə, əsas amil hava şəraiti olacaq. Proqnoz yağış vəd edir, bu da müxtəlif ssenariləri mümkün edir. Əgər yarış quru, lakin sərin havada keçirilərsə, Soft və Medium tərkibləri daha effektiv görünür. Çünki bir və iki pit-stop arasındakı fərq o qədər də böyük deyil, bu da müxtəlif strategiyaları mümkün edir.

Bu o demək deyil ki, Spa üçün ən sərt tərkib olan C1-i gətirmək səhv olub. Əgər ötənilki kimi eyni tərkibləri saxlasaydıq, bir pit-stoplu strategiya çox açıq üstünlük qazandıracaqdı. Üstəlik, bu trasda DRS ilə belə ötmə asan deyil – bunu Formula 3, Formula 2 və Formula 1 sessiyalarında da müşahidə etdik.

Bu isə o deməkdir ki, start və  ilk sektor həlledici rol oynayacaq və uğurlu hava kisəsi pilotlara ciddi üstünlük qazandıracaq.

Əgər yarış quru trasda başlasa, lakin yağış ehtimalı olsa, bütün komandalar Medium təkərləri seçəcəklər – bu tərkib həm yağış təkərinə keçid, həm də ilk pitə qədər olan vaxtı maksimum uzatmaq baxımından daha çox elastiklik təklif edir”.

Rauf Hacıyev

Şərh əlavə et