Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli pit yolundan başlayacaq

Mercedes komandasının sürücüsü Andrea Kimi Antonelli Belçika Qran Prisinin Sprint sıralama turundan sonra yaşadığı inam böhranı barədə açıq danışıb.

Kokpit.az xatırladır ki, italyan sürücü Spadakı həm sprint, həm də əsas sıralanma turunda ikinci sessiyaya çıxa bilməyib.

Gənc pilot Avropa mövsümünün əvvəlindən bəri bolidlə əlaqəsinin zəiflədiyini və Spa yarışına pit yolundan başlayacağını bildirib: “Avropa mövsümünün başlanğıcından bu yana bolidlə aramdakı inamı tapmaqda çətinlik çəkirəm. Sanki bir addım geri getmişəm. Çətin bir dövr keçirirəm, çünki limitlərə yaxınlaşmağa çalışdıqca bu inam çatışmazlığı məni geriyə salır”.

Kimi Antonelli cümə günü sprint sıralanma turunda yerində fırlanmışdı. O bildirib ki, bu səhvi böhranı daha da artırıb və sprint yarışından sonra avtomobildə bəzi dəyişikliklərin edildiyini qeyd edib: “Bolid dünənkindən açıq şəkildə daha yaxşı idi. Amma yenə də sürətlənməkdə çətinlik çəkirəm, çünki özümə olan inamım qaydasında deyil. Bu sahədə öz tərəfimdə hələ çox görüləcək iş var”.

Kimi Antonelli sürüş tərzinin də problemləri dərinləşdirdiyini bildirib: “Corcla müqayisədə daha aqressiv sükan reaksiyalarım var. Döngələrə yüksək sürətlə girirəm. Amma bu sürüş tərzi mövcud məhdudiyyətləri daha da önə çıxarır. İndi daha balanslı bir tərz formalaşdırmağa çalışıram.

Hazırkı sürüşüm çox süni hiss olunur. Təbii deyil və bu da işləri daha da çətinləşdirir”.

Yağış ehtimalı barədə də danışan gənc sürücü, bunun özünə olan inam problemini daha da artırdığını etiraf edib: “Yağışlı hava şəraitində ən çox ehtiyac duyulan şey inamdır. Bu məndə bir qədər narahatlıq yaradır, amma boliddə dəyişiklik edəcəyik və pit yolundan başlayacağıq. Bu da bizə üstünlük verə bilər. Ümid edirəm, inamımı geri qazana bilərəm”.

Rauf Hacıyev

Şərh əlavə et