Kokpit.az bildirir ki, ispaniyalı pilot Spa-Francorçamps trasında keçirilən sıralanma turunun ilk sessiyasında mübarizəni dayandırıb və 19-cu yeri tutub. Onun komanda yoldaşı Ləns Stroll isə sonuncu – 20-ci yerdə qərarlaşıb.
Son dörd yarışın hər birində xal toplayan Aston Martin komandası üçün bu nəticə əsl məyusluq yaradıb. Ümidlə Spaya gələn britaniyalılar aerodinamik yeniliklərə baxmayaraq geriləmədən xilas ola bilməyiblər.
Silverstounda qərarlaşan komanda Spaya yeni qanadları da əhatə edən paketlə gəlib.
Fernando Alonso cümə günü keçirilən sprint sıralanmasından sonra bu yeniliklərlə bağlı demişdi:
“Bəli, daha çox asfaltayatma qüvvəsi var idi. Maşın daha yaxşı hiss etdirirdi”.
Lakin sprint formatına görə yalnız bir sərbəst yürüş sessiyası keçirilməsi və yeni paketlə bağlı kifayət qədər məlumat toplanmaması Aston Martin-in ritmini tapmasına imkan verməyib.
Sıralanma turundan sonra Fernando Alonso niyə bu qədər zəif olduqları ilə bağlı suala belə cavab verib: “Bilmirəm, bu, texniki heyətin cavablamalı olduğu bir sualdır. Biz sadəcə mümkün qədər sürətli olmağa çalışırıq. Maşın yaxşı idi, balansı yerində idi, atdığım dövrədə ciddi problem hiss etmədim… Amma finişə gəlirsən və nəticə bəs eləmir. Qazana biləcəyimiz yeganə nəticə budur.
Bu trasda niyə belə zəif olduğumuzu başa düşməliyik. Spa həm döngələrdə tutunma, həm də düzlüklərdə sürət tələb edir. Görünür, bu iki xüsusiyyətin balansını tapa bilməmişik. Görək bu vəziyyətdən nə öyrənəcəyik”.
Fernando Alonso komandanın bazar günü gözlənilən yağışlı yarış üçün müəyyən sazlamalar etdiyini də təsdiqləyib: “Səhərki sprint yarışından sonra sabah yağış yağacağı ehtimalına görə bəzi dəyişikliklər etdik. Amma bu bəhanə deyil. Quru havada bu qədər zəif olmamalı idik. İkinci sessiyaya keçmək üçün yarım saniyəyə ehtiyacımız var idi və bu sazlamalarla o qədər vaxt itirdiyimizi düşünmürəm”.
Əlavə olaraq dəyişikliklərin bolidə necə təsir etdiyini də izah edən Fernando Alonso bildirib: “Döngələrdə bir az daha yaxşı idi, amma düz yolda sürətimiz azaldı. Amartizatorlarda dəyişiklik etdik. Amma əvvəldə də dediyim kimi, maşında özümü yaxşı hiss edirdim. İndi yeni təkər taxsam, maşında heç nəyi dəyişdirmərəm. Balans yerində idi”.
Bazar günü yağış ehtimalının yüksək olması isə geridən start alan ikiqat Dünya Çempionu üçün şans yaradacaq bir faktor ola bilər.
Fernando Alonso: “Hamının gözləntisi eynidir – sabah yağış yağacaq kimi görünür və bəzən bu, fürsətlər yarada bilər… Amma mən yağış sazlaması ilə son sıradan başlamaqdansa, quru havada ilk beşlikdə olmağı üstün tutardım”.
Yağışda ötmə etmək asan deyil, demək olar ki, heç nə görə bilmirsən, görünüş çox zəifdir. Təəssüf ki, bu həftəsonu istədiyimiz performansı göstərə bilmədik. Səbəbini anlamalı və Macarıstan üçün daha yaxşı hazırlaşmalıyıq”.
Qeyd edək ki, Aston Martin komandası sıralanma turundan sonra qapalı park qaydalarını pozaraq, Fernando Alonsonun maşınına müdaxilə edib. Maşının həm sazlanmaları, həm də güc qurqusunda dəyişiklik edilib. Bununla da ispaniyalı sürücü Belçika Qran Prisinə pit yolundan start verəcək.
Şərh əlavə et