Kokpit.az bildirir ki, sürücülər təhlükəsizlik avtomobilinin arxasında cəmi iki natamam dövrə vurublar. Daha sonra sessiya üçün ayrılmış vaxt başa çatıb və yarış ləğv edilib.
Gənclər çempionatının iştirakçıları bazar səhərini leysan yağışla qarşılayıblar. Təhlükəsizlik məqsədilə isinmə dövrəsinin startı təhlükəsizlik avtomobilinin arxasında verilib. Elə birinci dövrənin gedişində Ceyms Hedli, Tim Tramnits və Brando Badoer trası tərk ediblər. Hedli və Tramnits mübarizəni davam etdirə biliblər, lakin Badoer yarışı dayandırmalı olub.
Trasın bəzi hissələrində tam axınlı su kanalları əmələ gəlib və bu səbəbdən yarış rəhbərliyi qırmızı bayraqlarla sessiyanı dayandırıb. Peloton təhlükəsizlik avtomobilinin ardınca pit yoluna qayıdıb.
Fasilə yarım saat davam edib. Bu müddətdə yağış demək olar ki, dayanıb. Marşallar isə asfaltın üzərindəki suyu qurutmaq üçün quruduculardan və traktor texnikasından istifadə ediblər.
Pilotlar yenidən təhlükəsizlik avtomobilinin arxasında trasda qayıdıblar, lakin ilk dövrədə Tasanapol İntrafuvasak ikinci sektorda bolidin idarəetməsini itirib və otlu sahəyə çıxıb. O, trada qayıtmağa cəhd etsə də, maşının altı bardürə ilişib və o da yarışı dayandırmalı olub.
Bernd Maylander pelotonu iki dövrə boyunca arxasınca aparıb, daha sonra trasda yenidən qırmızı bayraqlar qaldırılıb və bütün pilotlar pit yoluna qayıdıblar. Bu zaman 15 dəqiqəlik gerisayım işə düşüb.
Gerisayımın sonuna on dəqiqədən bir qədər çox vaxt qaldığı anda yarış rəhbərliyi yarışın bərpa olunmayacağını açıqlayıb. Faktiki olaraq, pilotlar təhlükəsizlik avtomobilinin arxasında iki dövrədən az məsafə qət ediblər və bu səbəbdən onlara hətta yarım xal da verilməyib.
Formula 3-ün növbəti mərhələsi 1–3 avqust tarixlərində Macarıstandakı Hunqarorinq trasında keçiriləcək.
Şərh əlavə et