Xəbəri Kokpitdə Oxuyun!

A.Elbon: Yarışda işimiz çətin ola bilər

Williams komandasının pilotu Aleks Albon Belçika Qran Prisində sıralanma turlarında təsirli performans göstərərək beşinci yeri tutub. Lakin tailandlı sürücü aşağı asfaltayatma qüvvəsi strategiyasının yarışda – xüsusilə yağış şəraitində – çətinlik yarada biləcəyini bildirib.

Kokpit.az xatırladır ki, bugünkü Belçika yarışında yağış yağma ehtimalı var.

Sıralanma turundan sonra danışan Aleks Elbon əvvəlcə komandanın boliddəki sürtünməni azaltmaq məqsədilə atdığı addımlardan danışıb: “Cümə günü boliddə sürtünmə çox idi. Sprint yarışında sürətli idim, amma digər maşınların arxasında heç nə edə bilmirdim. Bu səbəbdən sıralanma turuna girəndə işlər bir qədər çətinləşdi. Sürüş çətinləşdi, təkərlər tez yeyilməyə başladı.

Bu qədər yuxarı pillədə olacağımı gözləmirdim. Bolidin sürüşünü bir qədər çətinləşdirdik və təkərlər dövrə boyunca tam performans göstərə bilmirdi. Amma son sessiyada hər şeyi bir araya gətirdim və bununla qürur duyuram. Bu nəticəni təkərlərdə ideal performans nöqtəsini tapmağımızla əlaqələndirirəm”.

Tailandlı pilot əlavə edib:!“Silverstounda Red Bull-larla birgə asfaltayatma qüvvəsini azaldanda, yağışlı havada bunun cəzasını çəkdik. Bu dəfə isə bir qədər ehtiyatlı davrandıq. Buna baxmayaraq, yağışlı hava şəraitində bəzi rəqiblərlə müqayisədə çətinlik çəkirik.

Bolidə etdiyimiz sazlanmalar onu sürətləndirdi, amma eyni zamanda idarə olunmasını da çətinləşdirdi. Xüsusilə təkərlər dövrənin sonuna qədər dözmədiyi üçün stabil nəticə əldə etmək çox çətin idi”.

Sonda isə DRS bölgəsi ilə bağlı narazılığını dilə gətirən Aleks Elbon bildirib: “DRS zonası məncə çox qısadır. Keçən il də eyni problem vardı. Təəssüf ki, beşinci döngəyə qədər təkər-təkərə mübarizə izləyə bilmirik”.

Rauf Hacıyev

Şərh əlavə et