Qabriel Bortoleto sprint yarışı üçün keçirilən sıralanma turunun üçüncü sessiyasına yüksəlib. Sauber komandasının braziliyalı pilotu onuncu nəticəni göstərib və maşının yüksək sürətə malik olduğunu vurğulayıb. Keçən yarış Silverstounda ilk podiumunu bayram edən Niko Hülkenberq isə Belçika mərhələsinə yaxşı başlamayıb. O, sprint sıralanma turunu on yeddinci yerdə başa vurub. O, nəticəsinin zəif olmasını ikinci sürətli dövrəsində trafikə düşməsi ilə əlaqələndirib.
Qabriel Bortoleto: “Bu gün sprint sıralanma turunda üçüncü sessiyaya yüksəldiyimə görə çox sevinirəm. Bəli, bu sadəcə sprintə olan sıralanmadır, amma ilk onluqda olmaq xoş hissdir.
Maşın sessiya boyunca sürətli idi. Hətta son sessiyada boliddən daha çox potensial çıxarmağın mümkün olduğunu hiss edirdim. Ümumilikdə sıralanma turunu yaxşı keçirdim və ilk onluğa düşmək mənə motivasiya verdi.
Hazırda maşının tempi yaxşıdır, amma görək sprint yarışında temp necə olacaq. Əgər hər şeyi düzgün etsək, növbəti sessiyalarda da oxşar mövqelər uğrunda mübarizə apara bilərik”.
Niko Hülkenberq: “Sprintə olan sıralanma turu hər zaman çətin olur, çünki format qısadır, bir dəst təkər verilir və hər şey ilk dövrədən asılı olur. Təəssüf ki, ilk cəhd istədiyimiz kimi alınmadı, ikinci sürətli dövrəmdə isə təkərləri qızdırarkən Liam Lousona çox yaxınlaşdım. Bu da nəticəmə təsir etdi. Təkərlər optimal vəziyyətdə olmadı və yekunda yaxşı nəticə üçün tempim olmadı
Sabahkı sıralanma turu və yarış üçün görəcəyimiz işlər var. Bu gün sərbəst yürüşdən sonra sazlanmalarda dəyişiklik etmişdik və bu, düzgün istiqamətdə atılmış addım olub. Amma maşından daha yüksək temp almaq üçün potensial hələ də mövcuddur. Topladığımız məlumatları təhlil edəcəyik və sprintdə mümkün olanın maksimumunu etməyə çalışacağıq”.
Şərh əlavə et