Kokpit.az xatırladır ki, avstraliyalı sürücü sprint yarışına pouldan başlasa da, birinci dövrədə Kemmel düzlüyündə Maks Ferstappenin hücumuna tab gətirə bilməyib və ikinci yerə geriləyib. O, daha sonra liderlik üçün niderlandlı sürücüyə hücumlar etsə də, nəticəsi olmayıb və finişi ikinci yerdə keçib.
Oskar Piastri: “Startda əlimdən gələni etdim, düzlüklərdə hava kisəsi verməmək üçün ilan kimi qıvrıldım. Amma düzlük sürətim kifayət qədər yaxşı deyildi. Sonrakı 15 dövrə ərzində də tempim çatmadı”.
Buna baxmayaraq, gənc avstraliyalı sürücü nəticəni müsbət qiymətləndirib: “Yenə də yaxşı nəticədir və yaxşı xallar qazandıq. Bu sadəcə sprint yarışı idi, əsas xallar sabah veriləcək. Ümumilikdə razıyam, amma Ferstappeni keçə bilmədiyim üçün bir qədər məyusam”.
Piastri əsas yarış üçün sazlanma dəyişikliyinin gündəmdə olduğunu da açıqlayıb: “Bu suala cavab tapmalıyıq. Sabah hava şəraiti pis görünür. Bu isə o deməkdir ki, arxa qanadda sazlanma etmək istəməyəcəyik. Amma bugünkü sprintin eynisini də yaşamaq istəmirik. Oturub nə edə biləcəyimizi düşünəcəyik”.
Şərh əlavə et