Kokpit.az xatırladır ki, britaniyalı sürücü cümə günü keçirilən sprint sıralanma turunda poul qazanan Piastridən 0.6 saniyə geridə qalaraq, üçüncü olmuşdu. Norris bugünkü əsas sıralanma turunda geridönüş edib və poul qazanıb.
Sıralanma turundan sonra sabiq Dünya Çempionu Niko Rosberqə müsahibə verən Lando Norris bildirib ki, cümə günü komanda yoldaşı Oskar Piastri ilə müqayisədə geri qalması yanlış qiymətləndirilib: “Çox yaxşı dövrə idi, xoşbəxtəm. Dünənlə bağlı hamı bir az artıq narahat idi. Əslində elə də geridə deyildim, sadəcə bir neçə xırda problem vardı. Bu səbəbdən bu günə özümə güvənərək gəldim və zirvəyə çıxmaq gözəl oldu”.
Norris əlavə edib ki, 0.3 saniyəlik fərq hava koridorunun olmaması və pit yolundan birinci çıxmaması ilə əlaqədar olub: “Burada narahat olmalı heç nə yox idi, amma insanlar hər şeyi böyütməyi sevirlər. Mən isə özümü kifayət qədər yaxşı hiss edirdim”.
McLaren pilotu həmçinin bolidinin bütün həftəsonu boyunca güclü olduğunu və komanda daxilindəki sağlam rəqabətin performansa müsbət təsir etdiyini də vurğulayıb: “Oskar bu həftəsonu boyunca əla iş gördü. Bir-birimizlə rəqabət apardığımızı görmək sevindiricidir”.
Norris hava şəraitinə uyğun olaraq hər cür yarışa hazır olduqlarını bildirib və əlavə edib: “Açığı, trasın quru qalmasını istərdim. Xüsusən də azarkeşlər üçün… Deyəsən, burada son 10 ildə həmişə yağış yağır. Ona görə quru havada keçən bazar günü gözəl olardı. Amma istər quru, istər yağışlı – bura Spa-dır, əyləncəli yarış olacaq”.
Şərh əlavə et