Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Gözlədiyim kimi olmadı

Belçika Qran Prisində keçirilən sprint yarışını üçüncü pillədə başa vuran McLaren pilotu Lando Norris bildirib ki, yarışın əvvəlində bir qədər həyəcan yaşasa da, ön qrupda gözlədiyi səviyyədə mübarizə olmayıb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü sprint yarışına 3-cü yerdən başlasa da, birinci dövrədə Kemmel düzlüyündə Şarl Leklerə keçilərək, dördüncü yerə geriləyib. Bir neçə dövrədən sonra Norris əks hücumla yerini qaytarıb və sürətlə Ferstsppen-Piastri cütünə yaxınlaşıb, amma o, hücum edəcək şəraiti tapmayıb və üçüncü yerlə razılaşıb.

Lando Norris: “Yarışda çox şey baş vermədi. Start bir az əyləncəli idi, bəlkə də yerimi daha yaxşı qoruya bilərdim”.

O, Maks Ferstappenin yüksək tempi səbəbindən ötmələrin mümkün olmadığını deyib: “Maks yaxşı yarışdı. Onu keçmək çox çətin idi. Oskar onu keçə bilmədikcə, mənim də şansım yox idi. Hər ikisi də yaxşı sürdü”.

Komanda yoldaşı Piastrinin Red Bull-a qarşı hücuma keçəcəyinə ümid etdiyini bildirən Norris əlavə edib: “Bir az mübarizə olacağını düşünürdüm, amma Red Bull düzlüklərdə çox sürətli idi. Onlara yaxınlaşa bilmədik”.

Britaniyalı sürücü şənbə günü üçün sazlanmalarda kiçik dəyişikliklərin lazım ola biləcəyini də istisna etməyib.

Rauf Hacıyev

Şərh əlavə et