Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Qəribə oldu

Mercedes komandasının pilotu Andrea Kimi Antonelli Belçika Qran Prisində keçirilən sprint sıralanma turunda trasdan çıxaraq mübarizəni erkən dayandırıb. Gənc sürücü yaşadığı hadisəni “çox qəribə” adlandıraraq məyusluğunu gizlətməyib.

Kokpit.az xatırladır ki, italyan sürücü sprint sıralanma turunun birinci sessiyasında çınqıllı sahəyə çıxaraq, yerində fırlanıb. O, boksa qayıda bilsə də, yekunda 20-ci yeri tutaraq, mübarizəni tez dayandırıb.

Kimi Antonelli bildirib ki, dövrəsi kifayət qədər yaxşı alınıb və yerində fırlanmasa, təqribən dördüncü yerə yaxın idi: “Əslində olduqca yaxşı bir dövrə idi, təxminən dördüncü yer civarında idim, amma avtomobilin idarəetməsini tamamilə itirdim. Çox qəribə idi. Bəlkə də ani külək təsiri olub. Bunu yoxlamalıyıq”.

Avtomobilin ümumi performansından razı qaldığını deyən italiyalı pilot, qarşıdakı yarışlar üçün optimist olduğunu da əlavə edib: “O turda maşın əla idi. Ona görə də sabah üçün özümə inanıram. Bu günü unudub sabaha fokuslanacağıq”.

Bazar günü yağış ehtimalının olması barədə danışan Antonelli bildirib ki, şərait fərqli imkanlar yarada bilər: “Sabah yaxşı bir sıralanma turu keçirmək çox vacib olacaq. Bazar günü yağış gözlənilir, bu isə bizə fərqli fürsətlər verə bilər. Amma hələlik diqqətimiz sabahkı günə yönəlib”.

İtalyanca verdiyi qısa açıqlamada isə belə deyib: “Təəssüf ki, sıralanma turum erkən başa çatdı. Döngədən çıxarkən maşının idarəetməsini qəribə şəkildə itirdim. Daha sonra altlıq zədələndi və artıq mübarizəyə davam edə bilmədim”.

Rauf Hacıyev

Şərh əlavə et