Xəbəri Kokpitdə Oxuyun!

E.Okon: Yeniliklər işlədi

Esteban Okon və Oliver Berman Belçikada keçirilən sprint sıralanma turunda uğurlu çıxış edərək Haas komandası üçün əlamətdar nəticəyə imza atıblar.

Kokpit.az xatırladır ki, Haas komandasının sürücüləri Esteban Okon və Oliver Berman Spadakı sprint sıralanma turunda müvafiq olaraq 5 və 7-ci yerləri tutublar.

Esteban Okon: “Bu, möhtəşəm idi, çox sevinirəm! Komandanı təbrik edirəm! Sillverstoundakı mərhələdən sonra iki həftə ərzində nəyin düzgün işləmədiyini araşdırmışdıq. Orada tətbiq etdiyimiz yeniliklər nəticə versə də, maşını idarə etmək çətin idi. Bu gün isə bir sıra dəyişikliklər etmişik və maşının davranışı dəyişib.

Bu mövsüm ilk dəfə hər iki maşınla üçüncü sessiyaya yüksəldik. Lakin bu hələ sprint sıralanma turudur. Ona görə də sevinməyə tələsməməli və şənbə günü də eyni uğuru təkrarlamağa çalışmalıyıq”.

Oliver Berman: “Yürüş zamanı iki variantımız var idi: ya Hard və Soft, ya da Medium və Soft təkərlərlə işləmək. Mən Medium təkərləri seçmişəm – bu, C1 və C3 tərkiblər arasında əlavə sərtlik dərəcəsi təqdim edir və mənim üçün bu, sıralanma turuna hazırlığı çətinləşdirə bilərdi.

Sərbəst yürüşlərdə maşının davranışı xoşuma gəlmişdi. Soft təkərlərlə dövrə vurmağa imkan tapmamışdım, lakin maşının sürətli olduğunu bilirdim.

Nəticədən çox razı qaldım və komanda üçün sevinirəm, çünki hər iki pilotla üçüncü sessiyaya yüksəldik. Silverstounda sınaqdan keçirilmiş yeniliklər burada əla işlədilər. Bu tempdə davam etməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et