Pouldan MP Motorsport komandasının alman sürücüsü Oliver Göte start götürüb. Onun yanında isə Rodin Motorsport-un heyətində çıxış edən belçikalı Amori Kordilin bolidi dayanıb. Maraqlı məqam isə ondan ibarət olub ki, məhz onların komanda yoldaşları – Riçard Fersxor və Aleks Dann mövsümün əsas favoritləri sayılırlar.
Fersxor çempionatda lider olsa da, bu dəfə yarışa 11-ci yerdən başlayıb. Dünən poul qazanan Dann isə sprint yarışına 10-cu sıradan start verib. Hər iki pilotun əsas hədəfi mümkün qədər çox mövqe qazanmaq olub.
Gözlənildiyi kimi, Götze startda liderliyi qoruya bilməyib. Trident-in sürücüsü Leonardo Fornaroli 3-cü yerdən əla start götürərək ilk döngədə həm onu, həm də Kordili geridə qoyub. Lakin yarışı təxmin etmək mümkün olmayıb – startın ilk saniyələrində qəza baş verib. Fersxor, Luk Brauning və Cek Krouford toqquşublar.
Nəticədə Brauning dərhal mübarizəni dayandırıb. Onun bolidi çınqıllı zonaya düşüb. Yarış idarəçiləri əvvəlcə virtual təhlükəsizlik maşını rejimini tətbiq edib, ardınca trasda real təhlükəsizlik avtomobili peyda olub. Krouford və Fersxor zədələnmiş maşınlarla pitə qədər gedə biliblər. Fersxorun bolidində sol yan hissədə çatlar əmələ gəlib və oradan yağ sızmağa başlayıb. Bununla da niderlandlı sürücü mübarizəni dayandırıb.
Yenidən start verildikdən sonra Fornaroli liderliyini qoruyub, Kordil ikinci yerdə gedib, Göte isə 3-cü yerə geriləyib və onu ART komandasının sürücüsü Viktor Marten izləməyə başlayıb. Lakin trasda kiminsə bolidindən qopan iri detallar səbəbilə yenidən sarı bayraqlar göstərilib.
Qısa müddət sonra mübarizə bərpa olunub. Bu vaxt Fersxorun yarışı tərk etməsindən faydalanan Dann irəliləməyə başlayıb. O, artıq 8-ci yerə yüksəlib və Gabriele Miniyə hücum etməyə hazırlaşıb.
Bu zaman məlum olub ki, Fornaroli təhlükəsizlik avtomobilinin arxasında hərəkət zamanı qaydaları pozduğu şübhəsi ilə araşdırılır. Ona cəza verilə biləcəyi gözlənilib. 7-ci dövrədə Dann Miniyə hücum etsə də, Mini bu vaxt 6-cı yerdə olan Arvid Lindblada yaxınlaşdığı üçün mövqelər dəyişməyib.
Finişə 10 dövrə qalmış Fornaroli liderliyi qoruyub və hətta ən sürətli dövrəni də göstərib. Daha sonra məlum olub ki, stüardlar ona cəza verməkdən imtina ediblər, bu isə liderin əhvalını daha da yüksəldib.
9-cu dövrədə Marten Götzeni geridə qoyaraq 3-cü yerə yüksəlib və Kordilə yaxınlaşıb. 12-ci dövrədə DRS-dən istifadə edən Marten “Les Combes” döngəsində rəqibini keçib. Kordil trasda qala bilməyərək çınqıllı zonaya çıxıb və bariyerə çırpılıb. Yenidən sarı bayraqlar dalğalanıb və təhlükəsizlik maşını trasda peyda olub.
Sprint yarışlarında təkər dəyişmək vacib olmasa da, bəzi pilotlar bu fürsətdən istifadə edərək pitə yollanıblar. Lakin ilk dörd sürücü trasda qalıb. Qalırdı bir sual – yeni təkərlərdən istifadə edənlər bu üstünlükdən necə yararlanacaqlar?
Bu vaxt Pape Marti artıq 5-ci yerə yüksəlib və Götzeyə hücum etməyə hazırlaşıb. Aleks Dann isə Roman Staneki qabaqlayaraq 6-cı yerə yüksəlib. Ardınca o, Martiyə hücum edib, lakin ispan pilot sərt şəkildə müdafiə olunub. Bu qarışıqlıqdan istifadə edən Stanek isə mövqeyini Dannın əlindən geri alıb.
Finişə bir dövrə qalmış Fornaroli liderliyini qoruyub. Marten ondan iki saniyə geridə olub, üçüncü yeri isə Mini tutub. Lakin trasda yenidən sarı bayraqlar göstərilib – texniki problem səbəbilə Sami Megtounifin bolidi dayanıb. Yarış təhlükəsizlik maşınının arxasında başa çatıb.
Bu xəbəri eşidən Mini radio vasitəsilə sevincini gizlətməyib – o artıq podiumda olacağını dəqiq bilib. Fornaroli mövsümdə ikinci qələbəsini qazanıb. Marten isə bu mövsüm yalnız ikinci dəfə podiuma yüksəlib. Sprint qələbəsinə görə verilən 10 xal isə Fornarolinin titul uğrunda mübarizəyə qayıtmaq şansını artırıb.
Fersxor və Krouford bu yarışdan xal qazana bilməyiblər. Beləliklə, rəqibləri onlara daha da yaxınlaşıblar və sabahkı əsas yarış nəticəsində çempionatda vəziyyət dəyişə bilər. Xüsusilə Aleks Dann poul mövqeyindən start götürəcəyi əsas yarışda yaxşı nəticə göstərsə, liderliyi ələ keçirmək üçün real şansa malikdir.
Şərh əlavə et