Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: F1 süniləşdirilməməlidir

McLaren komandasının pilotu Oscar Piastri Belçika Qran Prisindən əvvəl həm trasdakı performansı, həm də Formula 1-in gələcəyi ilə bağlı fikirlərini bölüşüb. O, Kristian Hornerin Red Bull-dan ayrılığı, McLaren-dəki sabitlik, 2026-cı il texniki dəyişiklikləri və Silverstoundakı insidentlə bağlı açıqlamalar verib.

Avstraliyalı sürücü komanda yoldaşı Lando Norrisin test etdiyi yeni asılqan sistemini seçməməsinin səbəblərini açıqlayıb. Avstraliyalı pilot həmin hissəni bir yenilik kimi görmədiyini deyib: “Deyəsən bunu artıq beşinci dəfə təkrarlayıram, amma bu ciddi yenilik deyil. Simulyatorda test etmişdim. Bəzi aspektlərdə irəliləyiş olsa da, bəzi məqamlarda geriləmə var. Əgər tam faydalı olsaydı, tərəddüd etmədən istifadə edərdim”.

Silverstone yarışında təhlükəsizlik maşını rejimində sərt əyləcləmə etdiyi üçün aldığı cəzanı dəyərləndirən Piastri bildirib ki, məsələ ilə bağlı FIA ilə danışdıqlarını bildirib: “Keçmişdə də bu cür hərəkət etmişdim, başqaları da edib. Bu dəfə cəza verildisə, deməli, artıq bu hərəkət cəzalandırılır. Gələcəkdə bu hallarda daha diqqətli olacağam. Olan oldu, dərsimizi aldıq”.

Red Bull komandasındakı rəhbərlik dəyişikliyinə barədə danışan Piastri bildirib ki, Kristian Hornerin ayrılığının onu birbaşa maraqlandırmadığını deyib: “Kristian komandanın uğurlarında böyük rol oynayıb, amma bu məni birbaşa təsirləndirmir. Gözlənilməz xəbər idi, amma mənim üçün heç bir fərq yaratmadı”.

Oskar Piastri 2026-cı il texniki reqlamentlərinə uyğun hazırlanan yeni nəsil bolidləri simulyatorda test etdiyini və fərqli hisslər yaşadığını bildirib. O, bəzi dəyişikliklərin faydalı olmadığını da qeyd edib: “Bəzi yeniliklər müsbət və həyəcanvericidir, amma elə məqamlar var ki, heç kimə fayda vermir. Bu cür detallar üzərində işlənilməlidir”.

Lyuis Həmiltonun “yeni qaydalar çətinlik deyil, çağırışdır” fikrini dəstəklədiyini deyən Piastri əlavə edib: “Yarış dünyası daima dəyişir. Biz də bu dəyişikliklərə uyğunlaşmalı, inkişaf etməliyik. Amma bu proses süni şəkildə çətinləşdirilməməlidir”.

Belçikadakı Spa-Frankorçamps trası ilə bağlı sualı cavablandıran gənc pilot buraya xüsusi sevgisinin olduğunu deyib: “2017-ci ildə Formula Renault testi zamanı ilk dəfə Spada sükan arxasına keçmişdim və birinci dövrədən bu trasa heyran qalmışdım. Qırmızı Su döngəsini ikinci və ya üçüncü dövrədə tam sürətlə keçə bilmişdim. Məncə, Spa Formula 1 təqvimindən heç vaxt çıxmamalıdır”.

Müxtəlif komandaların rəhbərlik və struktur baxımından dəyişikliklər yaşadığı bir vaxtda McLaren-dəki sabitliyin əhəmiyyətindən danışan Piastri bildirib ki, komanda daxilindəki birlik və anlayışı böyük üstünlük hesab edir: “Burada olmaqdan çox məmnunam. Komanda daxilində çox güclü birlik var. Formula 1-də bu cür sabitlik nadir hallarda olur. Buna görə də sahib olduqlarımıza dəyər verirəm”.

Rauf Hacıyev

Şərh əlavə et