Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Bolid əla işlədi

Belçika Qran Prisində sprint sıralanma turunun qalibi olan Oscar Piastri sessiyadan sonra hisslərini bölüşüb.

Kokpit.az xatırladır ki, avstraliyalı pilot möhtəşəm performans göstərərək, rəqiblərini 0.4 saniyə qabaqlayıb və poul mövqeyini qazanıb.

Sıralanma turundan sonra Oskar Piastri verdiyi açıqlamada bildirib ki, gün ərzində bolidindən tam razı qalıb və Spa trasının onun üçün xüsusi önəm daşıdığını bildirib: “Yaxşı dövrə vurdum. İkinci sessiyada sürətlidövrəmin silinməsi məni bir az qorxutdu, amma gün boyunca bolid əla işləyirdi. Bu gün yaxşı dövrələr vura bildim. Komandama təşəkkür etmək istəyirəm, çünki maşın həqiqətən mükəmməl idi”.

Oskar Piastri Spa-Frankorçamps trasını çox sevdiyini deyib: “Bura mənim sevdiyim traslardan biridir, bəlkə də ən sevdiyimdir. Ola bilsin, bu sevgim mənə bir neçə saniyə qazandırıb. Bolid bu gün bu qədər yaxşı idarəolunan vəziyyətdə olarkən, sürmək həqiqətən böyük zövq verir.

Bolid ilk dövrədən etibarən ideal aralıqda işləyirdi. Niyəsini bilmirəm. Özümə inamım var idi. Son həftələrdə temp cəhətdən yaxşı nəticələr əldə etdiyimizi hiss edirəm, amma bu performansım nəticələrə əks olunmayıb. Bu gün belə bir nəticə əldə etmək çox xoş oldu”.

Yarışla bağlı fikirlərini də bölüşən McLaren pilotu rəqib komanda Red Bull-un düzlüklərdəki sürət üstünlüyünə toxunub: “Red Bull düzlüklərdə çox sürətlidir, bu da işimizi çətinləşdirəcək. Üstəlik, Spa poul cəhətdən yəqin ki, ən əlverişsiz trasdır. Amma bolidin bu günkü tempi həqiqətən güclü idi və özümü yaxşı hiss edirdim. Ümid edirəm ki, sabah da yaxşı bir gün keçirə bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et