Xəbəri Kokpitdə Oxuyun!

O.Berman: Okondan çox şey öyrənirəm

Haas komandasının sürücüsü Olivier Berman Spada maşının potensialını göstərmək istəyir.

Kokpit.az bildirir ki, britaniyalı pilot üçün Spa-Frankorçamps trası xüsusi əhəmiyyət daşıyır. O 3 il əvvəl burada keçirilən Formula 3 yarışında karyerasının ilk qələbəsini qazanıb və bu həftəsonu Spada ilk dəfə Formula 1 maşını ilə çıxış edəcək.

Olivier Berman bildirib: “Silverstoundan sonra möhtəşəm tətil keçirdim. Qudvud Sürət Festivalında iştirak etdim, sonra isə yaxşı istirahət edərək, güc topladım. Qarşıda bizi iki yarış gözləyir, ona görə də tam hazır olmalıyam.

Spa trasına qayıtmaq mənim üçün çox sevindiricidir.  Formula 3-də yarışarkən burada ilk qələbəmi qazanmışam və o hissləri heç vaxt unutmuram. Bu tras həm gözəldir, həm də tarixi çox zəngindir. Artıq Formula 1 bolidində bu trasla necə ünsiyyət quracağamı səbirsizliklə gözləyirəm”.

Oliver Berman Qudvud Sürət Festivalında komanda yoldaşı Esteban Okonla birgə çıxış etdiyini də qeyd edib: “Estebanla birlikdə orada ‘ponçik’ bişirmək təcrübəsini paylaşdıq. Baxmayaraq ki, Formula 1-də adətən bu cür hərəkətlərə yer olmur. Amma trasda bir-birimizi daim irəli aparırıq. Mənə onun yarış üslubu çox təsir edir. Hər yarışda yüksək temp göstərir və bu, mənim üçün öyrənmək baxımından əla fürsətdir”.

Britaniya Qran Prisi ilə bağlı fikirlərini bölüşən Berman qeyd edib ki, nəticə onu tam qane etməyib:

“Silverstounda sıralanma turu çox yaxşı keçdi və gətirilən yeniliklər gözlənildiyi kimi işləyirdi. Lakin yarışın nəticəsi maşının əsl potensialını əks etdirmədi. Yarışdan sonra həm komanda olaraq, həm də şəxsən öz performansımı təhlil etmək üçün bu fasilə vacib idi.

Ümid edirəm ki, bu həftəsonu Spa trasında potensialımızı tam şəkildə göstərə biləcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et