Xəbəri Kokpitdə Oxuyun!

Norris: Güzgüyə baxanda gülümsəyirəm

McLaren komandasının pilotu Lando Norris Belçika Qran Prisindən əvvəl jurnalistlərin suallarını cavablandırıb. O, Son yarışlardakı performans yüksəlişini şəxsi inkişafı ilə əlaqələndirib. 26 yaşılı pilot 2026-cı il texniki dəyişikliklər, komanda daxilindəki rəqabət və Silverstoundakı burun zədəsi barədə zarafatla danışıb.

Kokpit.az xatırladır ki, britaniyalı pilot son iki yarışı qazanaraq, lider Piastri ilə xal fərqini 8-ə endirib.

Son həftələrdə artan forması barədə danışan Lando Norris bildirib ki, bu, texniki yeniliklərdən daha çox, sürüş tərzində etdiyi dəyişikliklərlə bağlıdır: “Bu tamamilə mənim sürüşümə bağlıdır. Sürüş tərzimi təkmilləşdirmək, fərqli maşın xarakterlərinə uyğunlaşmaq üçün çox çalışdım. Komandamla birlikdə trasdan kənarda da böyük inkişaf əldə etdik. Fokuslandığım əsas məqam daha yaxşı bir sürücü olmaqdır”.

“Oscar Piastri üçün daha ciddi rəqibəm”

Mövsümün əvvəlində qeyri-sabit çıxış etdiyini xatırladan Norris, artıq bu problemi geridə qoymağa başladığını və komanda yoldaşı Oscar Piastri ilə müqayisədə daha güclü hiss etdiyini deyib. Bununla belə, 2023-cü ildəki ideal formasına tam çatmadığını da etiraf edib: “Avstriyada bu mövsümün ən yaxşı çıxışını göstərdim. Artıq sürüşlə bağlı hər şeyi daha yaxşı anlayıram. Amma hələ də inkişaf etməli olduğum sahələr var. Hazırda Oscar üçün daha böyük bir rəqib olduğumu hiss edirəm. Ancaq tam istədiyim səviyyədə deyiləm”.

2026-cı il maşınları: “Formula 1 süni olmamalıdır”

Simulyatorda 2026-cı il maşınlarını test etdiyini bildirən Norris, yeni nəsil bolidlərin fərqli hiss etdirdiyini deyib. O, yeni texniki qaydalara müsbət yanaşsa da, bəzi məsələlərdə ehtiyatlı olduğunu gizlətməyib: “Bəzi şeylər daha yaxşı olacaq. Amma maşınların yavaşlaması və vizual baxımdan cazibəsinin azalması məni narahat edir. Formula 1 süni olmamalıdır. DRS, əlavə batareya və bu kimi şeylərlə çox oynanmasını istəmirəm. Mən sadəcə maşını sürmək istəyirəm. Sürət qutularını dəyiş, limitləri aş – bütün məsələ budur”.

Burun zədəsi: “Güzgüyə baxanda gülümsəyirəm”

Silverstoundakı qələbə bayramı zamanı burnunu zədələyən Norris, həmin anı gülümsəyərək xatırlayıb: “Yavaş-yavaş sağalır. Bu dəfə daha peşəkar tibbi müdaxilə oldu. Amma hər iki hadisə də gözəl xatirələrdir. Güzgüyə baxanda həmin anları xatırlamaq xoşuma gəlir”.

“Spa həmişə fürsətlərin trasıdır”

Belçikanın Spa trasını hava şəraitinə görə “fürsətlərlə dolu tras” adlandıran Norris, bu həftəsonunun gözlənilməz nəticələrə açıq olduğunu bildirib: “Spa həmişə fürsətlərin bol olduğu tras olub. Hava çox dəyişkəndir – quru başlayan sessiya anidən yağışla davam edə bilər. Bu cür traslarda sürətdən daha vacib amil sabitlik və düzgün strategiyadır”.

Rauf Hacıyev

Şərh əlavə et