Xəbəri Kokpitdə Oxuyun!

McLaren pilotları yeni güc qurğusuna keçiblər

Belçika Qran Prisindən əvvəl dörd sürücünün bolidində güc qurğusunun komponentləri dəyişdirilib.

FIA-nın açıqladığı rəsmi məlumatlara əsasən, edilən dəyişikliklər cari texniki qaydalar çərçivəsində həyata keçirildiyindən, heç bir sürücüyə start cərgəsində yer itirmə cəzası verilməyəcək.

McLaren komandasının hər iki pilotu – Oskar Piastri və Lando Norris, eləcə də Aston Martin-in sürücüsü Ləns Strollun bolidlərinə yeni daxili yanma mühərriki (ICE), turboşarj (TC), MGU-H və MGU-K qurğuları quraşdırılıb.

Bu hissələr güc qurğusunun performansı və etibarlılığı cəhətdən kritik əhəmiyyət daşıyır.

Gənc avstraliyalı pilot Oskar Piastrinin bolidində dəyişikliklər bununla yekunlaşmayıb. Onun maşınında batareya və idarəetmə elektronikası da yenilənib.

Digər tərəfdən, Sauber komandasının sürücüsü Qabriel Bortoleto isə yeni bir idarəetmə elektronikası blokuna keçib. Bu komponent güc qurğusunun idarə olunması və enerji axınlarının tənzimlənməsində əsas rola malikdir.

Bütün bu dəyişikliklər sezon ərzində icazə verilmiş limitlər daxilində həyata keçirildiyi üçün FIA tərəfindən heç bir cərimə verilməyib. Beləliklə, hər dörd pilot bazar günü keçiriləcək yarışa startdakı yerlərindən başlaya biləcək.

Rauf Hacıyev

Şərh əlavə et