Xəbəri Kokpitdə Oxuyun!

E.Okon: İnanılmaz təcrübə yaşadım

Formula 1-də ilk yarışına 2016-cı ilin avqustunda Spa trasında çıxmış Esteban Okon, bu həftəsonu Belçika Qran Prisində həmin anları xatırlayıb.

Kokpit.az xatırladır ki, fransız sürücü o vaxt Manor komandasında çıxış edərək böyük idman karyerasına başlamışdı. Okon 168 Qran Priyə qatılıb və bir dəfə qalib gəlib. O, indi Haas komandasında yarışır.

Esteban Okon jurnalistlərə açıqlamasında deyib: “Doğrusu, əvvəllər bu barədə düşünməmişdim, amma indi anlayıram ki, məhz o zaman xəyallarım gerçəkləşməyə başlayıb. Mən Spa trasında Censon Batton və digər Formula 1 əfsanələri ilə birgə starta çıxmışdım. Həmin həftəsonundan çox keçib, amma o yarışı daim xatırlayacağam.

İndi isə tam fərqli vəziyyətdəyəm, qarşıda tamamilə yeni məqsədlər dayanıb. Belçila Qran Prisi bizim üçün hər zaman xüsusi yarış olub. Bu tras çox xüsusidir. İndidən həftəsonunu səbirsizliklə gözləyirəm”.

Esteban Okon həmçinin yay fasiləsində gördüyü işlərdən də danışıb: “Silverstoundan sonra Qudvud Sürət Festivalında iştirak etmişəm. Orada ralli avtomobilini sürmək imkanım olub. Bu, Spa Qran Prisinə hazırlıq baxımından birbaşa kömək etməsə də, mənim üçün inanılmaz təcrübə olub.

Haas-ın əvvəlki illərə aid bolidlərində ponçik bişirmək və on minlərlə insanın qarşısında çıxış etmək möhtəşəm hiss yaşadıb. Eyni zamanda Toyota-ya da təşəkkür edirəm. Onların GR Yaris Rally1 maşınını və yeni GT sinfinə aid konsept avtomobillərini idarə etmək çox böyük təəssürat yaradıb”.

Son olaraq Esteban Okon qarşıdan gələn yarışla bağlı planlardan da danışıb: “Bu həftəsonu komanda yaxşı nəticələr əldə etməyə çalışacaq. Silverstounda istədiyimiz nəticəni ala bilməmişik. İndi isə daha yaxşı çıxış etmək istəyirik. Belçikada sprint formatı tətbiq olunacaq, bu da hazırlıq üçün çox az vaxt qalması deməkdir. Demək olar ki, dərhal birinci sıralanma turuna çıxmalı olacağıq və ciddi iş başlayacaq.”

Rauf Hacıyev

Şərh əlavə et