Xəbəri Kokpitdə Oxuyun!

Belçikada Piastri üstünlüklə başlayıb

Belçika Qran Prisinin ilk və tək sərbəst yürüş sessiyasında ən sürətli dövrəni McLaren komandasının sürücüsü Oskar Piastri göstərib.

Spa-Frankorçamps trasında sessiya buludlu hava şəraitində başlanıb. Əvvəlki gün yağış yağdığı üçün bu səhər baş tutmalı olan F3 yürüşü ləğv edilib. Proqnozlara əsasən həftəsonu ərzində yağış ehtimalı yüksək qiymətləndirilib.

Yaşıl işıq yandıqdan sonra Ləns Stroll istisna olmaqla bütün pilotlar trasda görünüblər. Strollun bolidində problem aşkarlandığı bildirilib. Trasda olan pilotlardan Karlos Sayns da texniki problemlə üzləşərək, pitə qayıdıb.

Haas və Red Bull komandalarının pilotları Medium tərkibli təkərlərə üstünlük veriblər. Digər komandalar isə Hard tərkiblə yürüşə başlayıblar. İlk dövrələrdə ən yaxşı nəticəni 1:45.5 zaman nəticəsi ilə Maks Ferstappen əldə edib.

Sessiyanın ilk 20 dəqiqəsində Franko Kolapinto ilk döngədə, Qabriel Bortoleto isə son şikanda çətinlik yaşayıb. Lyuis Həmilton isə bolidin arxa hissəsindən narazılığını bildirib. Yeni arxa asılqan ilə trasda olan britaniyalı pilot həmin anlarda 16-cı yerdə qərarlaşıb.

Red Bull komandası ön asılqan və mühərrik qapağı ətrafında flow-vis boyasından istifadə edərək aerodinamik testlər aparıb. Ferrstappen dövrəsini başa vurduqdan dərhal boksa qayıdaraq, əldə olunan məlumatların təhlilinə şərait yaradıb.

Karlos Sayns isə yanacaq sisteminin probleminə görə uzun müddət boksda qalıb, ancaq daha sonra trasda çıxıb. Aston Martin komandasının pilotu Ləns Stroll gec olsa da, Hard təkərlərlə ilk dövrəvi nəticəsini görtərib.

Sessiyanın yarısı tamamlandıqda Şarl Lekler 1:44.148 zaman nəticəsi ilə liderliyi qoruyub. Onu Maks Ferstappen və Esteban Okon izləyiblər. Bu vaxta qədər Soft təkərləri test etmiş yeganə pilot Franko Kolapinto olub.

Son 20 dəqiqəyə girilərkən ilk onluq belə olub: Lekler, Piastri, Ferstappen, Norris, Okon, Həmilton, Tsunoda, Kolapinto, Berman, Stroll.

Ləns Stroll Soft təkərlərə keçib və ilk sürətli dövrəsində Şarl Leklerdən 1 saniyə sürətli nəticə göstərərək, liderliyə yüksəlib.

Lakin Strollun üstünlüyü uzun çəkməyib. Oskar Piastri Soft təkərlərlə trasda dövrə vurub və liderliyi ələ alıb.

Sonda bir neçə pilot sürətli dövrələr atmağa çalışsa da, zirvə dəyişməyib və Oskar Piastri Belçikadakı ilk sərbəst yürüşü birinci yerdə başa vurub.

Rauf Hacıyev

Şərh əlavə et