Xəbəri Kokpitdə Oxuyun!

Belçika F3: Benavides gözlənilmədən poul qazanıb

Formula 3-ün Belçika mərhələsində keçirilən sıralanma turunda Bred Benavides gözlənilmədən ən yaxşı nəticə göstərib və karyerasında ilk dəfə əsas yarışa pouldan başlayacaq. Onunla birgə birinci cərgədə isə çempionatın lideri Rafael Kamara yer alacaq.

Cümə günü səhər saatlarında keçirilməli olan sərbəst yürüşlər duman səbəbindən günorta saatlarına keçirilib. Sıralanma turu isə Bakı vaxtı ilə axşam saat 21:10-da başlayıb.

Sürücülər ilk fürsətdə trasa çıxıbalar və bir neçə isinmə dövrəsi tamamladıqdan sonra sürətli dövrələrinə start veriblər. İlk ciddi nəticəni Kristian Ho göstərib – 2:07.087, lakin dövrəvi nəticələr getdikcə yaxşılaşıb.

İlk cəhdlərdən sonra Rafael Kamara 2:05.557  zaman nəticəsi ilə liderliyi ələ alıb. Tasanapol İntrafuvasaq ikinci olsa da, braziliyalı sürücüdən cəmi 0.1 saniyə geri qalıb. İlk üçlüyü Alessandro Giusti tamamlayıb.

Çempionatın ikinci yeri uğrunda mübarizə aparan Tim Tramnits isə cəmi 18-ci nəticə ilə kifayətlənib. Nikola Colov isə beşinci yeri tutub. Bu arada Mari Boya və Noel Leonun nəticələri tras limitlərini pozduqları üçün ləğv edilib. Lakin Boya növbəti dövrəsində yaxşı performans göstərib və 11-ci yerə yüksəlib.

Sessiyanın bitməsinə 11 dəqiqə qalmış Teofil Nael yeni lider olub – 2:05.508. Bundan sonra sürücülər son cəhd üçün trasa çıxıblar.

Bu mərhələdə Bred Benavides əla dövrə vurub – 2:04.253. Kamara ondan 0.1 saniyə geri qalıb. Lakin dərhal sonra onun bu dövrəsi 10-cu döngədə tras limitlərini aşdığına görə ləğv edilib və o, 23-cü yerə düşüb. Bir neçə dəqiqə sonra stüardlar qərarı dəyişiblər və Kamaranın vaxtını bərpa ediblər, nəticədə o, yenidən ikinci yerə qayıdıb.

Sonda sürücülərin bir daha cəhd etməyə vaxtı olsa da, trasda yaranan trafik səbəbilə heç kim nəticəsini yaxşılaşdıra bilməyib. Nəticədə, Benavides poul mövqeyini qoruyub.

Kamara ikinci nəticəni göstərib, əsas rəqibləri Tramnits və Colov isə müvafiq olaraq 13-cü və 7-ci yerləri tutublar.

Qeyd edək ki, Formula 3-də sprint yarışlarının start düzülüşü ilk 12 yerin əksinə formalaşır. Bu isə o deməkdir ki, şənbə günü keçiriləcək sprint yarışına Freddi Sleyter pouldan başlayacaq. Onunla birgə ilk cərgədən Noy Stromstedstart start götürəcək.

Rauf Hacıyev

Şərh əlavə et