Kokpit.az bildirir ki, Spada hava şəraiti adətən dəyişkən olsa da, bu dəfə günəşli və sakit keçib. Belə şəraitdə sürücülər öz bacarıqlarını və bolidlərinin real potensialını nümayiş etdirmək imkanı qazanıblar.
Sıralanma turuna yaxşı başlayan Aleks Dann ilk dövrələrdə ən sürətli nəticəni göstərib. Leonardo Fornaroli onun nəticəsinə yaxın olsa da, ikinci cəhdlər zamanı Dann hamını üstələyərək 1:57.863 zaman nəticəsi ilə zirvədə möhkəmlənib. Bu nəticə o, əsas rəqibləri olan Qabriel Mini və Viktor Marteni açıq fərqlə qabaqlayıb.
Sessiyanın sonuna yaxın sürücülər yeni Soft təkərlərlə trasda daha bir cəhd ediblər. Lakin Dann yenə də hamını geridə qoyaraq əvvəlki nəticəsini 0.7 saniyə yaxşılaşdırıb.
Sürpriz nəticələrdən biri də Ritomo Miata ilə bağlı olub. O, ikinci yerdə qərarlaşıb və bu, onun F2-dəki ən yaxşı sıralanma nəticəsidir. O, poul vaxtından 0.419 saniyə geridə qalıb. Mini və Marten isə yalnız üçüncü və dördüncü yerləri tutublar.
Maraqlı məqam isə çempionatın lideri Riçard Fersxorun 11-ci yeri tutması və ilk onluğa belə düşə bilməməsi olub.
Nəticədə, Aleks Dann bazar günü keçiriləcək əsas yarışa pouldan başlayacaq. Sabahkı sprint yarışında isə pouldan Oliver Göte start götürəcək, çünki o, sıralanma turunu 10-cu nəticə ilə tamamlayıb və sprint yarışında ilk onluq əks ardıcıllıqla düzülür.
Buna baxmayaraq, poul mövqeyi Spa kimi ötmələrin bol olduğu trasda həlledici sayılmır. Bu isə o deməkdir ki, qarşıda bizi həyəcanlı yarışlar gözləyir.
Şərh əlavə et